Gürcüstan, Batumi, 01 iyul / Trend ,müxbir N.Kirtsxaliya/ Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili çərşənbə axşamı Batumiyə (Acariya) təbii qaz verilməsi mərasimində iştirak ediblər.
Azərbaycan prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Mixail Saakaşvilinin təşəbbüsü ilə bu gün Batumidə keçirilən tədbiri Gürcüstan ilə Azərbaycan arasında "bugünkü münasibətlərin göstəricisi" kimi qeyd edib.
Prezidentlər ilk dəfə olaraq təbii qazın verildiyi Batumidə Heydər Abaşidze küçəsindəki Sioridze ailəsinin evini ziyarət ediblər.
Acariyanın qazla təmin edilməsinin bu gün başa çatdırılması planlaşdırılır. Qaz tədarükü Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən həyata keçiriləcək.
"Bizim qısa müddət ərzində həyata keçirə bildiyimiz olduqca mühüm və əhəmiyyətli layihə dostluğumuzu sübut edir. Biz, Gürcüstanın qaz olmayan digər bölgələrinin də qazla təmin edilməsi məsələsi üzərində işləyirik", - deyə İlham Əliyev bildirib. "Biz, Azərbaycan qazının Gürcüstana tədarükünü artırırıq", - deyə Azərbaycan prezidenti vurğulayıb.
Prezident Mixail Saakaşvili qeyd edib ki, Batumi şəhərinin qaz və su ilə təmin edilməsi Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir.
"Biz, Batumi ilə fəxr edirik, lakin həyat səviyyəsi daha yaxşı ola bilər. Batuminin yeni su və kanalizasiya sistemləri ilə təchiz edilməsindən sonra həyat səviyyəsi yüksələcək", - deyə Mixail Saakaşvili bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: capital