Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir A.Bədəlova/ Rusiyadan Avropa ölkələrinə qaz ixracı 2020-ci ildə 219-227 mlrd. kubmetrə çatacaq. Bu barədə çərşənbə axşamı Moskvada, "Rusiya qazı - 2008" VI beynəlxaldq forumunda çıxış edən "Qazpromeksport" ASC-nin baş direktoru Aleksandr Medvedyev bildirib.
Onun sözlərinə görə, bu həcmin 189 mlrd. kubmetri mövcud müqavilələr (prolonqasiya nəzərə alınmaqla) üzrə, 30-36 mlrd. kubmetri isə yeni sazişlər və perspektiivli layihələr üzrə ixrac ediləcək.
"2020-ci il üçün Avropa və uzaq xaric ölkələrinin yeni boru kəməri vasitəsilə qaza tələbatı 65-73 mlrd. kubmetr qiymətləndirilir", - "Vesti" telekanalı ilə birbaşa yayımlanan forumdakı çıxışında Medvedyev bildirib.
"Qazpromeksport"un daxil olduğu "Qazprom"un qiymətləndirməsi Beynəlxalq Enerji Agentliyinin (BEA) qiymətləndirməsinə yaxındır.
BEA-nın proqnozlarına görə, 2020-ci ildə Avropa İttifaqı və Türkiyə maye formasında təqribən 100 mlrd. kubmetr təbii qaz, həmçinin ildə 500 mlrd. kubmetr həcmində boru kəməri qazı idxal edəcək. Bu həcmin 240-280 mlrd. kubmetri Rusiya, Mərkəzi Asiya və Şimali Afrikadan daxil olmalıdır.
" "Şimal" və "Cənub axını"nın nəzərdə tutulan tikintisi ilə ildə 86 mlrd. kubmetr əlavə nəql gücü olmadan, Avropa bu həcmləri ala bilməyəcək", - deyə Medvedyev bildirib.
2007-ci ildə Rusiya, Mərkəzi Asiya və Şimali Afrikadan Avropa İttifaqı ölkələri və Türkiyəyə 175 mlrd. kubmetr qaz daxil olub.