Qırğızıstan, Bişkek, 06 fevral / Trend , müxbir R.Məşədihəsənli/ Qırğızıstan parlamentinin yanacaq-energetika kompleksi və yeraltı sərvətlərdən istifadə üzrə Komitəsinin sədri Yuriya Danilovun rəhbərliyi altında fevralın 6-da komitənin növbədənkənar iclası keçirilib.
İclasda Qırğızıstan Respublikasının 2009-cu il fevralın 3-də Moskvada imzalanmış "Qırğızıstan və RF hökumətləri arasında Kambaratin SES-1-in tikintisi haqqında Sazişin təsdiqi barədə" qanun layihəsi və "Yeraltı sərvətlər haqqında" qanun layihəsinin müzakirəsi üzrə "dəyirmi masa"nın keçirilməsinə hazırlığın gedişatı barədə məsələlər müzakirə olunub.
Qırğızıstan Respublikasının sənaye, energetika və yanacaq resursları naziri İlyas Davıdovu dinləyən deputatlar bu qanun layihəsinin təsdiq edilməsi və həmin məsələyə başlamaq barədə göstərişin verilməsi haqqında qərar qəbul ediblər.
Komitə sədri Danilov ikinci məsələ - "Yeraltı sərvətlər haqqında" qanun layihəsinin müzakirəsi üzrə "dəyirmi masa"ya hazırlıq barədə iştirakçılara məlumat verib. Müzakirələrin fevralın 9-da aparılması planlaşdırılır.