Gürcüstan, Tbilisi, 24 fevral / Trend , müxbir N.Kirtsxaliya / "Enerqo-pro Corciya" tərəfindən alınan "Ortaçala HES"-in özəlləşdirilməsi başa çatıb.
"Hazırda idarəetmənin "Enerqo-pro Corciya" menecmentinə verilməsi prosesi gedir. Bundan sonra HES-in siyasəti və yeni prioritetləri müəyyən olunacaq", - enerji şirkətindən məlumat verilib.
"Ortaçala HES" "Enerqo-pro Corciya"-nın idarəsi altına keçən doqquzuncu elektrik stansiyasıdır.
Obyektin bərpası və səmərəliliyinin artırılması məqsədilə qarşıdakı dörd il ərzində HES-ə 10 milyon dollar həcmində investisiya qoyulacaq. HES şirkət tərəfindən 2008-ci il dekabrın 19-da 25 milyon dollara alınıb.
Ötən il "Enerqo-pro Corciya" yeddi milyon avro həcmində investisiya həyata keçirib. Bir sıra HES-lərin bərpasından sonra onların səmərəliliyi və elektrik enerjisinin keyfiyyəti artıb.
Bu nöqteyi-nəzərdən çıxış edərək, abunəçilərin öz HES-lərinin istehsal etdiyi elektrik enerjisi hesabına təchizatı mümkün olub. Bu gün Gürcüstanın elektrik enerjisinin 60 faizi məhz bu HES-lər tərəfindən istehsal olunur.
Distribusiya sahəsinə gəlincə, "Enerqo-pro Corciya" ötən il ərzində 25 milyon avro həcmində sərmayə həyata keçirib. Bunun nəticəsində bəzi şəbəkələrin bərpası həyata keçirilib, yeni xətlər çəkilib, kabel kommunikasiyaları bərpa edilib və s. 2008-ci ildə şirkət 130 min nəfər abunəçiyə fərdi sayğac quraşdırıb. Ümumilikdə belə sayğaclar 260 min abunəçi üçün quraşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]