...

SOCAR iri dəniz neft yatağı üçün yeni platforma inşa edir

Energetika Materials 24 Aprel 2009 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir E.İsmayılov /

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) müstəqil istismar etdiyi "Neft Daşları" dəniz yatağı üçün yeni dördbloklu "Neft Daşları-2585" platformasının iki blokunun tikintisini ilin sonunadək başa çatdırmağı planlaşdırır. Bu barədə cümə günü SOCAR-da işlərə yaxın mənbə bildirib. Bu blokların tikintisini "Heydər Əliyev adına" Dərin Özüllər Zavodu həyata keçirir.

Yeni platformalar ehtiyatları əhəmiyyətli dərəcədə işlənən yataqda stabil neft hasilatı həcminin dəstəklənməsi üçün lazımdır.

"Bu platformanın tikintisi çərçivəsində işlər davam etdirilir. Blokların ilin sonunadək tikilib başa çatdırılması gözlənilir", - deyə mənbə bildirib. Əvvəllər platforma bloklarının inşasının yayda başa çatdırılması nəzərdə tutulmuşdu. Onların hündürlüyü 64 metrdir.

Mənbə bildirib ki, platformanın yuxarı tikililərinin inşası barədə sifariş hələ daxil olmayıb.

Mənbə bildirib ki, qalan iki blokun tikintisini Zığ tikinti-quraşdırma sahəsində "Neftqaztikinti" tresti həyata keçirəcək.

Yeni platforma beşbloklu "Neft Daşları-1887" platformasından 500 metr aralıda suyun 46 metr dərinliyində yerləşəcək. Yeni platformadan 12 quyunun qazılması planlaşdırılır.

Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsində hasilat həcminin 812 min tondan 1,2 mln. tonadək (1,5 dəfə) artırılmasına dair sərəncamı çərçivəsində həyata keçirilir.

SOCAR geoloqlarının qiymətləndirmələrinə görə, "Neft Daşları" yatağında neft ehtiyatlarının qalıq həcmi 30 milyon ton təşkil edir. SOCAR yataqda neft hasilatının artırılması üçün 2010-cu ilədək daha 78 yeni quyu qazacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti