Azərbaycan, Bakı, 14 may / Trend , müxbir A.Bədəlova /
OPEK 2009-cu ildə Azərbaycanın neft tədarüklərini sutkada 0,96 mln. barel səviyyəsində proqnozlaşdırır ki, bu da ölkənin ötənilki tədarük həcmindən 50 min barel çoxdur.
OPEK-in neft bazarı üzrə may məruzəsində bildirilir ki, Türkiyənin Ceyhan limanından BTC Blend növlü neftin tədarük planı bu il ən yüksək səviyyəsinə çatacaq və özündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunda artan neft hasilatını əks etdirəcək.
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli"dən hasil edilən Azeri Light növlü yüngül Azərbaycan nefti, həmçinin Qazaxıstanın "Tengiz" yatağından çıxarılan neft nəql olunur.
Bu il ölkənin ən yüksək neft tədarükü səviyyəsi, OPEK-in proqnozlarına əsasən, dördüncü rübdə - sutkada 0,96 milyon barel səviyyəsində müşahidə olunacaq. Üçüncü rübdə tədarük həcmi sutkada 0,96 milyon barel təşkil edəcək.
OPEK-in proqnozlarına əsasən, Qazaxıstan tərəfindən neft tədarükü sutkada 1,49 mln. barel təşkil edəcək ki, bu da ölkənin ötən il etdiyi tədarük həcmindən 70 min barel çoxdur.
Keçmiş Sovet ölkələri tərəfindən neft tədarükü həcmləri sutkada 12,59 mln. barel təşkil edəcək ki, bu da ötən illə müqayisədə 40 min barel çoxdur.
OPEK 2009-cu ildə kartelə daxil olmayan ölkələrin ümumi tədarük həcmlərini sutkada 50,54 mln. barel səviyyəsində proqnozlaşdırır ki, bu da ötən ilin həcmlərindən sutkada 0,22 mln. barel çox, OPEK-in ötən ay proqnozlaşdırdığı həcmlərdən isə 70 min barel azdır. Bu həcmin sutkada 19,38 mln. barreli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin, 13,97 mln. barel isə Şimali Amerikanın payına düşəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]