Azərbaycan, Bakı, 21 may / Trend /
Bakıda Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə aparılan danışıqlar zamanı Gürcüstanda Azərbaycan tərəfindən yeraltı qaz anbarının tikilməsinə dair razılaşma əldə olunub. Bu barədə Azərbaycanın Baş naziri Artur Rəsizadə ilə görüş zamanı Gürcüstan Prezidenti bildirib. Xəbəri AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Gürcüstan Prezidenti bildirib ki, bu qaz anbarının tikintisi ölkəsinin təbii qaz ilə təchizatına çoxillik təminat olacaq.
Gürcüstan hökuməti ölkə ərazisində qaz anbarının tikintisi barədə prinsipial qərar qəbul edib. Anbarın Gürcüstan qazının hasil edildiyi Ninotsminddə tikilməsi planlaşdırılır.
İlkin məlumatlara görə, layihə işləri doqquz aya başa çatacaq. Tikintisi isə daha iki ay vaxt aparacaq.
Qaz anbarının tikintisinə nə qədər sərmayə yatırılacağı və layihənin kim tərəfindən maliyyələşdiriləcəyi hələ məlum deyil. Lakin artıq məlumdur ki, anbar 400 mln. kubmetr qaz üçün nəzərdə tutulacaq və iki ay ərzində ölkəni qaz ilə təmin edə biləcək.
Qaz anbarının tikintisini "Minilliyin çağırış Fondu" (ABŞ) həmmaliyyələşdirmək niyyətindədir.