Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir E.İsmayılov /
"SOCAR Energy Georgia (SOCAR-ın törəmə müəssisəsi) 2009-cu ildə Gürcüstan bazarında planlaşdırılmış 400 min ton əvəzinə 420 min tona yaxın Azərbaycanın neft məhsulunu satmağı proqnozlaşdırır", - bazar ertəsi şirkətin direktoru Mahir Məmmədov deyib. 2008-ci ildə Gürcüstana 400 min ton, 2007-ci ildə isə 196 min ton neft məhsulu ixrac edilib.
Bu il Gürcüstan bazarında realizə edilməsi planlaşdırılan neft məhsullarının təxminən 190-195 min tonu avtomobil benzini və təxminən eyni həcmdə dizel yanacağı, qalan hissəsi isə aviasiya kerosini, mazut, maye qaz və digər neft məhsullarının payına düşəcək.
"Beş ayın nəticələrinə əsasən şirkət artıq ötən ilin göstəricilərini 5-7 faiz qabaqlayır", - Məmmədov bildirib,
"SOCAR Energy Georgia yanvar-may aylarında Gürcüstan bazarında Azərbaycanda istehsal olunmuş 171 min ton neft məhsulu realizə edib", - Məmmədov bir müddət əvvəl bildirib. Belə ki, bazarda bu müddət ərzində 81 min ton benzin və 71 min ton dizel yanacağı satılıb. Realizə edilmiş məhsulların qalan hissəsi isə aviasiya kerosini, mazut, maye qaz və bazarda kiçik həcmlərdə satılan digər neft məhsullarının payına düşüb.
Azərbaycan neft məhsulları Gürcüstan bazarının təxminən 50-60 faizini təşkil edir. Azərbaycanın dizel yanacağı bazarın 60, benzin 52-55 faizini təşkil edir.
SOCAR-ın tərkibinə daxil olan Azərbaycan neft emalı zavodlarının (NEZ) yanvar-may aylarında emal etdiyi neftin həcmi təxminən 2,5 milyon ton olub. Ötən ilin analoji dövründə bu rəqəm 3,06 milyon ton olub. 2008-ci ildə Azərbaycan NEZ-ləri təxminən 7,35 milyon ton neft emall edib.
Azərbaycanda cəmi iki NEZ var - Heydər Əliyev adına və Azneftyağ NEZ. Birinci NEZ-də əsasən ağ, ikincisində qara neft məhsulları istehsal olunur. İki zavodun məcmu gücü ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 6 milyon ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]