...

"Nabukko" boru kəməri enerji diversifikasiyası üçün vacib layihədir - ABŞ Dövlət Departamentinin Avrasiya energetika məsələləri üzrə xüsusi nümayəndəsi ilə müsahibə

Energetika Materials 24 İyun 2009 12:09 (UTC +04:00)
"Nabukko" boru kəməri enerji diversifikasiyası üçün vacib layihədir - ABŞ Dövlət Departamentinin Avrasiya energetika məsələləri üzrə xüsusi nümayəndəsi ilə müsahibə

ABŞ, Vaşinqton, 24 iyun /T rend News, xüsusi müxbir N.Boqdanova /

Trend -un ABŞ Dövlət Departamentinin Avrasiya energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə müsahibəsi

- Sizin fikrinizcə, Avropaya boru kəməri ilə tədarük sahəsində artan rəqabəti və boru kəməri üçün zəmanət verilmiş qaz həcminin olmaması nəzərə alınmaqla, "Nabukko" layihəsi nə dərəcədə real mümkündür?

- Öncə mən bildirimək istərdim ki, digər strateji boru kəmərləri kimi "Nabukko" da enerji diversifikasiyası və təhlükəsizliyi nöqteyi-nəzərindən çox vacib layihədir. Bu layihə ilk növbədə Avropanın bəzi hissələrinin qaza olan tələbatını ödəməyə qadirdir.  İkincisi, bu layihə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühim rol oynayır və bir çox ölkələri birləşdirə bilir. "Nabukko" bir çox imkanlar yaradır. Biz neft və qazın dünya bazarına tədarükünü nəzərdə tutan bütün layihələri dəstəkləyirik. Düşünürük ki, bu kimi layihələr, xüsusilə də "Nabukko" və Türkiyə-Yunanıstan-İtaliya layihəsi enerji diversifikasiyası, enerji ehtiyatlarının təkcə Azərbaycan və Türkmənistandan deyil, İraqdan da tədarük edilməsi nöqteyi-nəzərindən çox vacib layihədir.

-Bu layihəyə İranın da daxil olması imkanı nəzərdən keçirilirmi?

-Xeyr. Deyə bilərəm ki, hazırda və yaxın gələcəkdə İranın bu layihələrə daxil olması barədə heç bir plan nəzərdən keçirilmir.

-Türkiyənin güzəştli qiymətlərlə "Nabukko" boru kəməri ilə Türkiyədən Avropaya  tədarük olunacaq Azərbaycan qazının 15 faizini almaq istəyi layihənin reallaşdırılması istiqamətində ciddi maneə ola bilərmi?

-Bildiyim kimi, Türkiyə və Azərbaycanın bu layihəyə mane olmaq üçün heç bir səbəbi yoxdur. Azərbaycan və Türkiyə arasında fikir ayrılığı yaradan bu məsələyə gəldikdə isə, Ankara onun nə dərəcədə ciddi olduğunu başa düşüb. Hər iki ölkə, Azərbaycan və Türkiyə bizim Xəzər regionunda energetika siyasətimizdə vacib rol oynayır. Həll olunması vacib olan  bir məsələ mövcuddur, o da Türkiyə və Avropa İttifaqı arasında razılığın əldə olunmasıdır.

- Rusiya və Ukrayna arasında qiymətlə bağlı yaranan fikir ayrılığının səbəb olduğu qaz böhranı və onun nəticəsi kimi Avropa ölkələrinə qaz tədarükünün dayandırılmasının təkrarlanması mümkündürmü? Sizcə, gələcəkdə bu kimi halların aradan qaldırılması üçün nə kimi tədbirlər həyata keçirilməlidir?

-Bizim siyasətimiz bütün problemlərin, xüsusilə də enerji təhlükəsizliyinin tamamilə təmin edilməsinə aid məsələlərin əməkdaşlıq yolu ilə həll edilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti