...

ARDNŞ quruda geofiziki tədqiqat işlərini başa çatdırır

Energetika Materials 19 Avqust 2009 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) avqustun 25-də "Zərdab", "Şıxbağı" və "Şərqi Şıxbağı" quru sahələrində ikiölçülü (2D) geofiziki tədqiqat işlərini başa çatdıracaq. Bu barədə çərşənbə günü ARDNŞ-dəki mənbədən məlumat verilib. Bu sahələrdə bütün 2D tədqiqat işlərinə bu ilin aprel ayında başlanılıb.

"Bu sahələrdə tədqiqatlar çərçivəsində sahə işləri hələ də davam edir, lakin avqustun 25-dək onlar tamamlanmalıdır", - mənbədən bildirilib. Buradakı tədqiqatlar ümumi dərinlik nöqtəsi, sınan dalğa və qravimetriya üsulları ilə aparılır.

Mənbənin əvvəlcədən bildirdiyi kimi, əldə olunan məlumatlar və onların şərhi üzrə işlərin tamamilə başa çatması 2010-cu ilin mart ayına planlaşdırılır.

İşlərin aparılmasında əsas məqsəd geoloji quruluşun dəqiqləşdirilməsi və tədqiq olunan sahələrin neft və təbii qaz ehtiyatlarının proqnozlaşdırılmasıdır.

Şərh işlərinin tamamlanmasından sonra görülən işlər sifarişçi "Azneft" İstehsalat Birliyinə təqdim olunacaq. İB ARDNŞ-nin tərkibinə daxildir.

Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur ki, onun da 18-i dənizdə, qalanları isə quruda yerləşir. ARDNŞ-nin işçi heyəti hazırda 62 min nəfərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti