Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir E.İsmayılov /
ARDNŞ "Neft Daşları" Neft-Qaz Hasilat İdarəsi ərazisində yeni rezervuar parkının inşasını başa çatdırıb. Bu barədə şirkətdəki mənbədən bildirilib. Ehtiyatları əhəmiyyətli dərəcədə işlədilən "Neft daşları" dəniz neft yatağı ARDNŞ tərəfindən istismar olunur.
"Rezervuar parkının inşası tamamilə başa çatıb. Rezervuara yoxlama üçün su doldurulub", - mənbədən deyilib.
Mənbədən bildirildiyi kimi, yeni rezervuar parkına neftin doldurulması həyata keçirilməyib, buna görə də buna hələ ehtiyac olmayıb. "Ehtiyac yarandığı təqdirdə nefin doldurulmasına başlanılacaq, lakin hələlik buna ehtiyac yoxdur", - mənbədən deyilib.
Rezervuar parkı cəmi altı rezervuardandan ibarətdir. Rezervuarlardan biri xammalın ayrılması üçün istifadə olunacaq. Rezervuarların hər birinin həcmi 2000 ton, diametri 15 metr, yüksəkliyi isə 12 metr təşkil edir.
Bu ildə yataqda qaz və neft hasilatı proqnozları barədə mənbə məlumat verməyib, lakin əlavə edib ki, hazırda neft hasilatı planı 103 faiz, qaz üzrə isə 100 faiz yerinə yetirilib. Mənbə bu göstəricilərin ilin sonuna kimi artırılacağını istisna etməyib.
ARDNŞ geoloqlarının hesablamalarına əsasən, "Neft daşları" yatağında neft həcminin qalıq hissəsi 30 milyon ton təşkil edir. Yataqda neft hasilatı həcminin artırılması məqsədi ilə 2010-cu ilədək ARDNŞ 78 yeni quyu qazacaq. Bununla yanaşı, yeni platformaların qurulması da planlaşdırılır.
"Neft daşları" yatağı Azərbaycanın dənizdə neft hasilatına başladığı ilk yataqdır. Bu ildə yataqda cəmi 21 quyunun qazılması planlaşdırılır.
Yeni quyuların qazılması Azərbaycan Prezidentinin "Neft Daşları" Neft-qaz Hasilat İdarəsinin hasilat həcminin 812 min tondan 1,2 milyon tona kimi (1,5 dəfə) qaldırılması barədə sərəncamı çərçivəsində həyata keçirilir.
Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur ki, onların 18-i dənizdə, qalanları isə quruda yerləşir. ARDNŞ əməkdaşlarının ştat sayı hazırda 62 min nəfər təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]