...

ARDNŞ Böyük Şor gölünün qurudulması üçün işlər görür

Energetika Materials 9 Sentyabr 2009 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir E.İsmayılov /

Böyük Şor gölü ərazisində sosial əhəmiyyətli obyektlər yerləşən zonanın yaradılması üçün ARDNŞ ilk mərhələdə geniş ekoloji monitorinq aparır, torpaq bəndlərin təmizlənməsi və möhkəmlənməsi həyata keçirilir. Bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi Azər Əliyev deyib.

"Böyük Şor gölü ərazisinin təmizlənməsi və burada sosial zonaların yaranması layihəsi 2009-2010-cu illərin kompleks tədbir planına daxildir. Layihə iki hissədən ibarətdir, ilk hissəyə monitorinq, sahələrin təmizlənməsi, torpaq bəndlərin möhkəmlənməsi, ikinci hissəyə isə burada sosial və ya idman əhəmiyyətli obyektlərin inşası aiddir.

İdarə rəhbərinin sözlərinə görə, layihənin hazırlanması üçün ilkin təqdiqat işləri aparılıb, monitorinqlər keçirilib. Gələcək işlərdə bu ərazilər genişləndiriləcək. Bunun nəticəsində də təmizləmə işlərinin hansı standartlarda aparılması, neft şlamlarının həcmi və bu şlamlarının mərhələli emalı üçün hansı texnologiyanın zəruri olduğu müəyyən ediləcək.

ARDNŞ tərəfindən aparılan monitorinqlərin yekunu layihə işlərinin tərkibinə daxil olacaq. İkinci mərhələdə bu ərazidə inşa ediləcək obyektlərin layihələndirilməsi nəzərdə tutulur.

ARDNŞ Böyük Şor gölünün qurudulması çərçivəsində burada topoqrafik-geodeziya işləri də aparacaq. Neft Şirkətindən deyildiyi kimi, bu işlərin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Bir müddət əvvəl ARDNŞ-nin şəxsi saytında yerləşdirilən məlumata görə, bu ərazidə işləri şirkətin Geologiya və Topoqrafiya İdarəsi aparır. Ərazidə dərinliyi 10 metr olan 28 axtarış quyusunun qazılması planlaşdırılır. 15 quyuda da statistik tədqiqatlar və tərkibin öyrənilməsi üçün laborator müayinələr aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti