Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir A.Bədəlova /
Nabukko qaz kəmərinin inşası layihəsi üzrə konsorsium yaxın iki ay ərzində təfsilatlı injinirinqin ilk nəticələrini gözləyir. Bu barədə Bakıda çərşənbə axşamı Nabucco Gas Pipeline Int. direktoru Reynxard Mitçek bildirib.
"Biz Nabukko-nun iştirakçısı olan ölkələrdə injinirinq prosesini aprel ayında başlamışıq və ilk nəticələr oktyabr-noyabr ayında əldə ediləcək, ondan sonra biz ətraf və sosial mühitə təsirin qiymətləndirilməsinə başlaya bilərik", - Mitçek bildirib.
Onun sözlərinə əsasən, təfsilatlı injinirinqin tamamlanması 2010-cu ilin birinci yarısında mümkün ola bilər.
"Xəzər regionu enerji resurslarının tədarükü üçün böyük potensiala malikdir. Biz regionda böyük potensial görürük və əminəm ki, Nabukko üçün ilk qaz Azərbaycandan olacaq", - Mitçek bildirib.
Dəyəri 7,9 mlrd. avro olan Nabukko kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]