...

Azərbaycan enerji sektorunun inkişafı üzrə yeni dövrün astanasındadır - ABŞ dövlət katibinin müavini

Energetika Materials 19 Sentyabr 2009 13:04 (UTC +04:00)
Azərbaycan hazırda enerji sektorunun inkişafı üzrə yeni dövrün astanasındadır. Bu barədə Corctaun Universitetində təşkil edilən konfransda ABŞ-ın dövlət katibinin müavini Vilyam Berns deyib.
Azərbaycan enerji sektorunun inkişafı üzrə yeni dövrün astanasındadır - ABŞ dövlət katibinin müavini

Azərbaycan, Bakı, 19 sentyabr / Trend /

Azərbaycan hazırda enerji sektorunun inkişafı üzrə yeni dövrün astanasındadır. Bu barədə Corctaun Universitetində təşkil edilən konfransda ABŞ-ın dövlət katibinin müavini Vilyam Berns deyib.

Bernsin sözlərinə görə, ABŞ və Azərbaycan arasında bir çox strateji enerji layihələrinə dair uzunmüddətli tərəfdaşlıq mövcuddur. Bu layihələr Qərb və Şərq arasında qarşılıqlı əlaqə yaradır.

Onun sözlərinə görə, bu yaxınlarda "Nabukko" layihəsi üzrə imzalanan razılaşma Avropaya yeni qaz dəhlizinin açılmasında böyük addım olub. Berns cənub dəhlizinin reallığa çevrilməsi üçün Azərbaycan və Türkiyənin qiymətlər, tranzit və digər məsələlərdə tez bir zamanda razılıq əldə etməsinin vacibliyini vurğulayıb.

"Belə layihələr Xəzərin enerji sərvətlərini dünyaya açmaqla yanaşı, Azərbaycan iqtisadiyyatını möhkəmləndirir və Azərbaycan xalqının müstəqil iqtisadi gələcəyini təmin edir", - o deyib.

Berns ümidvardır ki, Azərbaycan və qonşuları neft və qaz hasilatını inkişaf etdirməkdə davam edəcəklər.

"Biz Azərbaycanla Türkmənistan, Qazaxıstan, Türkiyə və digər tərəfdaşlar arasında enerji resurslarının Avropa və digər bazarlara birgə çatdırılmasının etibarlı və şəffaf yollarını tapmaq üzrə davam edən danışıqları dəstəkləyirik. Mən əminəm ki, ABŞ Azərbaycan və regiondakı digər dost ölkələrlə, həmçinin özəl sektorlarla enerji tədarükünün möhkəmlənməsi və genişlənməsi üçün sıx işləməyə hazırdır", - o deyib.

Berns qeyd edib ki, Azərbaycanın enerji sənayesində Chevron və Exxon kimi iri şirkətlərin fəaliyyət göstərməsinə baxmayaraq, qeyri-neft sektorunda ABŞ-ın daha çox investisiya qoymasını istəyir. ABŞ şirkətləri, onun sözlərinə görə, yeni texnologiya və vərdişlərin tətbiq edilməsi yolu ilə Azərbaycana öz iqtisadiyyatını diversifikasiya etməkdə köməklik göstərə bilər.

"Mən inanıram ki, ölkədə iqtisadi və demokratik islahatlar proqramı davam etdikcə Azərbaycana investisiya qoyuluşu davam edəcək", - Berns deyib.

Onun sözlərinə görə, Azərbaycan ölkə infrastrukturunun yaxşılaşması yolunda artıq böyük addımlar atıb. Bernsin dediyi kimi, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması xarici bazarlardan gəlir əldə etməyin və beynəlxalq investorların cəlb edilməsinin ən asan yollarından biridir.

Xəbər lenti

Xəbər lenti