Azərbaycan, Bakı, 01 oktyabr / Trend /
Yanvar-avqust aylarında "Azərenerji" SC-nin balansında olan paylayıcı şəbəkələrdə 2,7 milyard kilovat-saata yaxın elekrtik enerjisi istifadə edilib. Ötən ilin müvafiq dövrünə görə, bu göstərici 3,3 milyard kilovat-saat olub. Bu barədə SC-nin cümə axşamı yayılmış məlumatda deyilir. SC-nin balansında 46 paylayıcı şəbəkə var.
Bu dövrdə istifadə edilən elektrik enerjisinə görə ödəmələr 88,4 faiz təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəki göstəricidən 6,4 faiz çoxdur.
Səkkiz ayın yekununa görə, ötən aylardan qalan debitor borclar da daxil olmaqla, ödəmələrin ən yüksək göstəricisi 108,7 faiz olmaqla Şirvan şəhər elektrik şəbəkəsində, ən aşağı göstərici isə 69,2 faiz olmaqla Ağdam paylayıcı şəbəkəsində qeydə alınıb.
Cari ilin avqust ayında bu paylayıcı şəbəkələrdə 330,2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 374,7 milyon kilovat-saata yaxın olub. İstifadə edilən elekrtik enerjisinə görə ümumi ödəmələr 99,6 faiz təşkil edib.
Ötən aylardan qalan debitor borclar da daxil olmaqla, ödəmələr üzrə ən yüksək göstərici 152,2 faiz olmaqla Şəmkir paylayıcı şəbəkəsində, ən aşağı göstərici isə 73,1 faiz olmaqla Cəlilabad paylayıcı şəbəkəsində qeydə alınıb.