Türkmənistan, Aşqabad, 31 oktyabr / Trend , müxbir H.Həsənov /
Türkmənistanın Baş naziri Baymurad Hocaməhəmmədov neft-qaz sahəsində ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi üçün Tehrana yola düşəcək, Türkmənistanın rəsmi mənbəsindən bildirilir.
Ölkənin bu sahə üzrə idarə rəhbərləri və mütəxəssislərindən ibarət işçi qrupu Prezident Qurbanqulu Berdiməhəmmədovun tapşırığı ilə ezamiyyətə yola düşür. Dekabrda İranda yeni qaz kəmərinin qolunun istismara verilməsi sayəsində Türkmənistan qazı iki dəfədən çox - ildə 20 milyard kubmetrə kimi arta bilər. Qaz kəməri qolunun işə salınması mərasiminə İran Prezidenti Mahmud Əhmədinejad da dəvət olunub.
"Hazırda İran ilə iqtisadi əməkdaşlıq yeni səviyyəyə qədəm qoyur ki, bu da qarşılıqlı səmərəli tərəfdaşlığın mövcud potensialının həyata keçirilməsinə imkan verəcək", - Berdiməhəmmədov sonuncu hökumət iclasında bildirib.
Onun sözlərinə əsasən, bu istiqamətdə yeni qaz kəməri əhəmiyyətli addım olacaq.
Türkmənistan və İran həmçinin Qazaxıstanın da iştirak etdiyi dəmiryolunun inşası üzrə birgə layihənin həyata keçirilməsində iştirak edir. "Türkmənistan-İran qarşılıqlı fəaliyyətinin genişləndirilməsi üçün qurulan Şimal-Cənub beynəlxalq nəqliyat dəhlizi də böyük imkanlar açacaq. Sözügedən nəqliyyat dəhlizi qarşılıqlı səmərəli regional iqtisadi əlaqələrin fəallaşmasına yardım edəcək", - Türkmənistan rəhbəri bildirib.