Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.İsmayılov/
"Azərkimya" Dövlət Konserninin ARDNŞ-in tərkibinə daxil edilməsi bu mərhələdə məqsədəuyğundur. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev belə hesab edir. "Azərbaycan Dövlət Neft Şirkəti böyük imkanlara malikdir. Odur ki, hazırda "Azərkimya"nın ARDNŞ-in tabeliyinə verilməsini məqsədəuyğun hesab edirəm", - bazar ertəsi nazir bildirib.
Onun sözlərinə görə, kimya sektoru neft-qaz sahəsi ilə bilavasitə əlaqəlidir və belə struktur islahatlarını əvvəllər də etmək olardı, lakin buna imkan yox idi.
"Lakin hazırkı mərhələdə ARDNŞ şirkəti neft-kimya sənayesinin inkişafı üçün zəruri imkanlara malikdir", - Əliyev deyib.
Nazirin sözlərinə görə, ARDNŞ şirkətinin dünya bazarında tanınması Azərbaycanın kimya sənayesinə xarici investorların cəlb olunması üçün imkanlar yaradır.
Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında Azərbaycan Prezidentinin 2 aprel tarixli sərəncamından irəli gələn vəzifələrin reallaşmasına nəzarət ARDNŞ-in ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayevə həvalə olunub. "Azərkimya" Dövlət Konserni ARDNŞ-in tabeliyinə sözügedən sərəncam çərçivəsində verilib.