Azərbaycan, Bakı, 30 aprel /Trend/
Hazırda İranda 60 milyon nəfər təbii qazla təmin edilir. SHANA agentliyinin verdiyi məlumata görə, bu barədə İranın milli qaz şirkətinin rəhbəri Cavad Oruci bildirib.
Orucinin sözlərinə görə, ötən il 46 şəhər və 341 kənd qazla təmin edilib. Qazın mövcud olduğu kənd və şəhərlərin sayı 9500-ə çatıb.
Şirkət rəhbərinin dediyi kimi, ötən il ölkənin qaz idxalı 17 faiz azalaraq 5,9 miyard kubmetr təşkil edib. 2008-ci illə müqayisədə ötən il ölkənin qaz ixracı 44 faiz artaraq 6,8 milyard kubmetr olub.
Oruci deyib ki, ötən il sənaye müəssisələri tərəfindən 23,2 milyard kubmetr qaz istehlak edilib ki, bu da 2008-ci illə müqayisədə 15 faiz çoxdur. Ötən il qaz elektrik stansiyaları tərəfindən 42,9 milyard kubmetr qaz istehlak olunub.
Şirkət başçısının sözlərinə görə, ötən il əhali orta hesabla sutkada 210 milyon kubmetr qaz istehlak edib.
Orucinin sözlərinə görə, ötən il havanın daha soyuq keçməsi səbəbindən qaz istehlakı sutkada 530 milyon kubmetrə çatıb.