...

Azərbaycan Avropanın qazla təchizatında mühüm rol oynayacaq - EGL

Energetika Materials 3 İyun 2010 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycan Avropanın qazla təchizatında mühüm rol oynayacaq. İsveçrənin EGL (Elektrizitats-Gesellschaft Laufenburg) şirkətinin qaz departamentinin rəhbəri Tomas Hesselbars belə hesab edir. Onun sözlərinə görə, Transadriatik boru kəmərinin (TABK) tikintisi qaz istehsalçılarının və istehlakçılarının maraqlarını daha yaxşı üsulla təmin edəcək, "Cənub dəhlizi"nin ixrac potensialını genişləndirəcək. Bu layihə çərçivəsində Aİ-yə qaz ixracı üçün bir neçə qaz kəmərinin yaradılacağı ehtimal olunur.

"Nə qədər çox ixrac yolu olarsa, istehsalçıların gəlirləri də bir o qədər çox olar. Buna baxmayaraq, qaz istehsalçıları hansı marşrutu seçməli olduqlarını bilməlidirlər", - Hesselbars Bakıda keçirilən 17-ci Beynəlxalq Xəzər neft-qaz konfransında bildirib.

Hesselbarsın sözlərinə görə, bu yaxınlarda TABK layihəsinə E.O.N Ruhrgas şirkəti qoşulacaq. Bu layihə başqa iştirakçılar üçün də açıq qalır.

"Biz layihəni Avropa maraqları ilə həmahəng, eləcə də ixracın şəffaflıq və bərabərlik prinsipləri əsasında inkişaf etdirəcəyik", - Hesselbars deyib.

1956-cı ildə İsveçrənin Laufenburq şəhərində yaradılan EGL şirkəti qaz və elektrik enerjisinin satışı ilə məşğul olur. Hazırda şirkətin baş ofisi Dietikonda (Sürix yaxınlığında) yerləşir və Avropanın 20-dən çox ölkəsində nümayəndəliyi var.

Transadriatik boru kəməri layihəsi qazın Xəzər dənizi və Yaxın Şərqdən Avropaya ixrac olunması üçün nəzərdə tutulub. Qaz kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçəcək, daha sonra İtaliyayadək uzanacaq. Qaz kəməri Albaniyadan İtaliyaya qədər 115 kilometrlik sualtı sahəyə qoşulub.

Xəbər lenti

Xəbər lenti