...

Gənc dizayner Vüsal Həsənov "Azərikimya"nın loqo müsabiqəsinin qalibi olub (FOTO)

Energetika Materials 19 İyul 2010 18:28 (UTC +04:00)
İyun ayının əvvəlində "Azərikimya" İstehsalat Birliyi tərəfindən ARDNŞ-nin saytı və digər nüfuzlu saytlar, həmçinin respublikanın müxtəlif qəzetləri vasitəsilə elan edilən, reklam agentliklərinin, həmçinin emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlərin fəal iştiraka dəvət olunduğu loqo müsabiqəsinə bir ay ərzində respublikamızın müxtəlif şəhərlərindən 20-yə yaxın müəllifin 240-a qədər loqo eskizləri təqdim olunub.
Gənc dizayner Vüsal Həsənov "Azərikimya"nın loqo müsabiqəsinin qalibi olub (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyun ayının əvvəlində "Azərikimya" İstehsalat Birliyi tərəfindən ARDNŞ-nin saytı və digər nüfuzlu saytlar, həmçinin respublikanın müxtəlif qəzetləri vasitəsilə elan edilən, reklam agentliklərinin, həmçinin emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlərin fəal iştiraka dəvət olunduğu loqo müsabiqəsinə bir ay ərzində respublikamızın müxtəlif şəhərlərindən 20-yə yaxın müəllifin 240-a qədər loqo eskizləri təqdim olunub.

"Azərikimya"nın müsabiqə üzrə münsiflər heyətinin sədri, Birliyin baş direktorunun müavini Xalıq Mustafayevin bildirdiyinə görə, müsabiqəyə həm rəsm şəklində, həm də kompüter tərtibatı ilə təqdim edilmiş işlərin əksər hissəsi işlənmə texnikası və orijinal formada yerinə yetirilməsi, qoyulan tələblərin əhatə olunması baxımından maraqlı olduğundan münsiflər heyəti həmin işləri obyektiv dəyərləndirmək üçün bir neçə dəfə müzakirə aparıblar.

Son müzakirə zamanı ən yaxşı işlər içərisindən seçilmiş 10 eskizdən üçü münsiflər heyətindən öz seçimlərində daha dəqiq və diqqətli olmağı tələb edirdi. O da maraqlıdır ki, eskizlər əvvəlcədən ad-familiya ilə deyil, kodlaşdırılmış şəkildə təqdim edildiyindən qalibin müəyyən olunduğu son ana kimi münsiflər heyətinin üzvləri hansı işin kimə məxsus olduğundan tam xəbərsiz olublar.

Son üç ən yaxşı işin münsiflər heyəti tərəfindən geniş və qızğın müzakirəsinin yekunu olaraq gənc dizayner Vüsal Həsənovun (şərti kodu - "23") təqdim etdiyi 7 eskizdən biri ən uğurlu hesab edilərək, "Azərikimya" İstehsalat Birliyinin loqotipi kimi qəbul edilib. Loqodakı dairəvi başlıqlı üç qövsvari sadə element Birliyin baş hərfi olan "A"nı ifadə etməklə yanaşı, kimya aləmini - atom birləşmələrinin aramsız hərəkətini xatırladır. Təqdim olunmuş loqo eyni zamanda düşüncədə böyük gələcək, həyatın yüksək dinamikası, kosmik sürətlə bağlı geniş və xoş bir assosiasiya, yüksəlişlərə səsləyən duyğu yaranır. Bütünlükdə loqo özündə sürətli inkişaf, müasirlik və inamlı sabah mənalarını əks etdirir.

Müsabiqənin qalibi Vüsal Həsənov gəncdir - 28 yaşı var, Azərbaycan Beynəlxalq Universitetinin riyaziyyat-informatika fakültəsini bitirib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantıdır. O, artıq bir neçə ildir ki, reklam agentliklərindən birində çalışır. Gənc olmasına baxmayaraq, loqo yaratmaq sahəsində müəyyən təcrübəsi, həm də uğurları var. Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun və Respublika Botaniklər Cəmiyyətinin loqoları onun yaradıcılığının bəhrəsidir.

Ötən şənbə günü müsabiqənin qalibi Vüsal Həsənov loqosunu ən uğurlu tərtibatla hazırlamağa nail olmuş "Azərikimya" İstehsalat Birliyinə dəvət edilmiş, ona Birlik rəhbərliyi adından təşəkkür bildirilərək, layiq olduğu mükafat münsiflər heyəti tərəfindən təntənəli şəkildə təqdim edilib.

Qalib olacağına tam ümidvar olmadığını, lakin buna ciddi səy göstərdiyini gizlətməyən gənc dizayner ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edən Azərbaycan Dövlət Neft Şirkəti kimi yüksək beynəlxalq nüfuza malik bir dövlət qurumunun tərkib hissəsi olan "Azərikimya" İstehsalat Birliyinin loqosunun müəllifi olmasından xüsusi, həm də böyük bir qürur və şərəf duyduğunu, onun həyatında bunu yeni bir mərhələ, dönüş nöqtəsi kimi qiymətləndirdiyini söyləyib.

"Azərikimya" İB-nin loqosunun bütün texniki şərtlərlə işlənmiş elektron variantının və rəsminin Birliyə təqdimatından, təntənəli mükafatlandırma mərasimindən sonra müsabiqə qalibinin və münsiflər heyəti üzvlərinin birgə xatirə şəkli çəkilib.

Xəbər lenti

Xəbər lenti