...

"Azərikimya" İB-nin internet-rabitə şəbəkəsi müasir tələblər səviyyəsində yenidən qurulur

Energetika Materials 7 Avqust 2010 01:31 (UTC +04:00)

Nəhəng informasiya göstəricilərinə malik neft-kimya sənayesi üçün informasiya bazasının səmərəli şəkildə yaradılması, mühafizəsi, saxlanılması və istismarının əhəmiyyəti nəzərə alınaraq bu günlərdə "Azərikimya" İB-nin baş ofisində ARDNŞ-nin korporativ internet şəbəkəsinə qoşulması işləri başa çatdırılmışdır. Bu barədə ARDNŞ-nin rəsmi saytında cümə günü yerləşdirilən məlumatda deyilir.

Bu məqsədlə ilkin olaraq 3700 metrdən artıq optik kabelləşdirmə işləri aparılmışdır. Bundan başqa, Birlik aparatı əməkdaşlarının internet şəbəkəsindən sərbəst və səmərəli istifadə etməsi üçün əlavə olaraq 80-dən artıq kompüter və digər müasir ofis texnikası alınmış, Birlik optik kabellər vasitəsilə Dövlət Neft Şirkətinin vahid internet şəbəkəsinə qoşulmuş, strukturun telefon-rabitə şəbəkəsi genişləndirilmişdir. İnternet və telefon rabitəsi xidmətlərinin keyfiyyətli və etibarlı olması üçün Birliyin aparatında xüsusi server otağı yaradılmış və orada SİEMENS markalı rəqəmsal avtomatik telefon stansiyası (ATS) quraşdırılmışdır. İlkin olaraq 50-yə yaxın işçiyə xidmət edən 256 nömrə tutumlu həmin ATS-in sayəsində Birlik aparatı əməkdaşlarının hər biri yaxın vaxtlarda fərdi iş telefonu ilə tam təmin olunacaqlar. Sumqayıt şəhərində yerləşməsinə baxmayaraq, yeni internet-rabitə şəbəkəsinin yaradılması sayəsində Birliyin işçiləri hazırda istənilən vaxt ARDNŞ-nin bütün idarə və müəssisələri ilə birbaşa əlaqə qura bilir, eyni zamanda onlar heç bir məhdudiyyət və maneə olmadan paytaxt Bakıdakı istənilən abonent ilə hər hansı bir koddan istifadə etmədən danışmaq imkanı əldə etmişlər. Qeyd etmək lazımdır ki, yeni informasiya texnologiyalarının tətbiqi sayəsində "Azərikimya" İB-də əlavə xərclər tələb edən, həm iqtisadi, həm də texniki baxımdan sərfəli olmayan "Bakı nömrəli" telefonlara ehtiyac qalmamışdır. Onlar indi istismardan çıxarılmışdır ki, bu da Birliyə il ərzində xeyli miqdarda vəsaitə qənaət etməyə imkan verir. Yeni internet-rabitə şəbəkəsinin qurulması nəticəsində yaxın vaxtlarda istehsalatın avtomatik idarə olunması - SAP sisteminin tətbiqinə də imkan yaranacaqdır. Bu günlərdə "Azərikimya" İB-nin 60-a qədər internet istifadəçisi olan əməkdaşı üçün ARDNŞ-nin internet şəbəkəsindən fərdi elektron poçtlar açılmışdır. Hazırda bütün kimya müəssisələrinin ARDNŞ-nin internet və rabitə şəbəkəsinə qoşulmaları üçün "Azərikimya"dan Səthi aktiv maddələr zavoduna qədər optik kabel xəttinin çəkilişi başa çatmaq üzrədir. Həmin xətt yaxın zamanlarda Birliyin digər müəssisələrinə qədər uzadılacaq və bundan sonra "Azərikimya"nın bütün strukturları rəqəmsal tipli ATS-lər vasitəsilə ARDNŞ-nin korporativ rabitə və internet şəbəkəsinə qoşula biləcəkdir. Yeni və müasir rabitə şəbəkəsinin yaradılması ilə kimya müəssisələrində hələ ötən əsrin 60-cı illərində - 50 il əvvəl istifadəyə verilmiş "addım" tipli ATS-lər istismardan tamamilə çıxarılacaqdır.

Xəbər lenti

Xəbər lenti