...

ARDNŞ Xəzərdə yeni qaz quyusunda qazma işlərini başa çatdırıb

Energetika Materials 29 Sentyabr 2010 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bahar" yatağındakı yeni qaz quyusunda qazma işlərini başa çatdırıb. Bu barədə ARDNŞ-nin çərşənbə günü yayılan məlumatında deyilir.

Məlumata əsasən, Dərin Stasionar Özülündə 209 nömrəlı istismar quyusunda aparılan qazma işlərinin dərinliyi 5250 metrdir. Quyuda sutkalıq hasilat 266 min kubmetr qaz və 30 ton kondensat təşkil edir.

Quyunun qazılması Kompleks Qazma İşləri Trestinin "Qum adası" Dəniz Qazma İşləri İdarəsi tərəfindən aparılıb.

Bundan əvvəl ARDNŞ "Bahar Energy Limited" şirkəti ilə blokda kəşfiyyat, reabilitasiya, işlənmə və hasilat üçün "PSA" tipli müqavilə imzalayıb. Bura "Bahar" və "Qum dəniz" yataqları daxildir. Bu günlərdə göstərilən müqaviləni Azərbaycan Parlamenti ratifikasiya edib.

Müqavilənin ikinci hissəsi "Bahar-2" strukturunda kəşfiyyatı nəzərdə tutur. Kəşfiyyat çərçivəsində üç il ərzində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır və zərurət yaranaçağı təqdirdə, dördüncü ildə daha bir quyu qazıla bilər. İlkin hesablamalara görə, "Bahar Energy Limited" şirkəti müqavilə çərçivəsində işlərin həyata keçirilməsinə bir milyon dollar məbləğində investisiya yatıracaq.

"Bahar" yatağı 1969-cu ildən işlənilir və Bakıdan cənub-şərqdə 40 kilometrlikdə yerləşir. İndiyədək yataqdan 16 milyon tondan çox neft və 128 milyard kubmetrdən çox qaz hasil edilib.

Xəbər lenti

Xəbər lenti