Türkmənistan, Aşqabad, 12 oktyabr /Trend, müxbir H.Həsənov/
Dünyada ən iri təbii qaz ixracatçıları olan Qətər və Türkmənistan energetika məsələləri üzrə işçi qrupu yaratmağı planlaşdırırlar. Bu barədə çərşənbə axşamı Türkmənistan hökumətinin mətbuat xidməti məlumat verib.
Qrupun yaradılması təşəbbüsü Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məxsusdur. O, Dohada rəsmi səfərdədir (11-12 oktyabr) və ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirib.
"Bu ideya Qətər tərəfinin tam dəstəyini qazanıb", - məlumatda deyilir.
Dohada olan Berdiməhəmmədovu Qətərin energetika və sənaye naziri Abdullah bin Hamad Al Atiya qəbul edib. Görüş zamanı dünyada ən iri təbii qaz ixracatçıları olan hər iki ölkənin iqtisadiyyatı üçün strateji olan neft-qaz sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Dünya Bankının hesabatına görə, 2009-cu ildə Türkmənistan dünyada təbii qaz ehtiyatlarının həcminə görə Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutub.
Bu kontekstdə iki ölkə arsında əməkdaşlığın imkanları müzakirə olunub. Bu zaman ilk növbədə Türkmənistanda yanacaq-energetika kompleksinin (YEK) uzunmüddətli inkişaf proqramının həyata keçirildiyi nəzərə alınıb. Onun başlıca amilləri kimi qabaqcıl texnologiyaların və dünya bazarlarına enerjidaşıyıcıların ixracı marşrutlarının şaxələndirilməsi prinsipləri əsasında sahə infrastrukturlarının modernləşdirilməsi çıxış edir.
"Qətər Türkmənistanın dünya enerji məkanında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına konstruktiv yanaşmasını dəstəkləyir", - Al Atiya görüşdə bildirib və Türkmənistan rəhbərinin BMT Baş Assambleyasının 65-ci sessiyasının tribunasından səsləndirdiyi enerjidaşıyıcıların sabit ixracının beynəlxalq mexanizmlərinin formalaşdırılması ilə bağlı təşəbbüslərinin əhəmiyyətini qeyd edib.
Qətərli nazir "ərəb dünyasının digər ölkələri kimi Türkmənistanla uzunmüddətli qarşılıqlı fəaliyyətin qurulmasında marağını" bəyan edib və Türkmənistanda əlverişli investisiya mühitinin və məhsuldar iqtisadi əməkdaşlıq üçün hər cür şəraitin yaradıldığını qeyd edib.