...

Aİ-nin Energetika sahəsində islahatlara dəstək proqramı üzrə İdarəetmə Komitəsinin fəaliyyət qaydaları təsdiq olunub

Energetika Materials 29 Oktyabr 2010 19:28 (UTC +04:00)
Avropa İttifaqının Energetika sahəsində islahatlara dəstək proqramının maliyyələşdirmə sazişinə əsasən yaradılmış İdarəetmə Komitəsinin birinci iclası keçirilib.
Aİ-nin Energetika sahəsində islahatlara dəstək proqramı üzrə İdarəetmə Komitəsinin fəaliyyət qaydaları təsdiq olunub

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Avropa İttifaqının Energetika sahəsində islahatlara dəstək proqramının maliyyələşdirmə sazişinə əsasən yaradılmış İdarəetmə Komitəsinin birinci iclası keçirilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə günü yayılan məlumatında deyilir.

Tədbirdə layihənin əlaqələndiricisi olan İqtisadi İnkişaf Nazirliyi, layihənin benefisiarları - Sənaye və Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, eləcə də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məsul vəzifəli şəxsləri iştirak ediblər. İclasa sədrlik edən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri Sahil Babayev 2007-ci il Fəaliyyət Proqramı çərçivəsində maliyyələşdirilən bu proqram barədə məlumat verib, onun həyata keçirilməsinin əhəmiyyətini və benefisiarlar tərəfindən növbəti tranşların alınması məqsədilə icra edilməli olan tədbirlərin vacibliyini iştirakçıların nəzərinə çatdırıb.

Avropa İttifaqının Energetika sahəsində islahatlara dəstək proqramı ölkəmizdə enerji sektorunun sürətli inkişafı və bu sektorda islahatların aparılması məqsədilə Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il 8 aprel tarixli sərəncamı ilə təsdiq edilib. Proqram enerji sektorunda müvafiq islahatların həyata keçirilməsi və sektorun fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması məqsədini daşıyır və Avropa Komissiyasının büdcəyə dəstək mexanizmi vasitəsilə həyata keçirilir. Ümumi büdcəsi 13 milyon avro olan Energetika sahəsində islahatlara dəstək proqramı çərçivəsində 3 milyon avro məbləğində ilk tranş artıq Avropa Komissiyası tərəfindən Azərbaycanın dövlət büdcəsinə köçürülüb.

Xəbər lenti

Xəbər lenti