Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Yanvar-oktyabr aylarında Azərbaycanın daxili bazarına 3,2 milyon tondan çox neft məhsulları göndərilib. Bu göstərici ötən ilin müvafiq dövründə 3,1 milyon ton olub. Bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft məhsullarının ümumi həcmindən 868,4 min ton avtomobil benzininin payına düşüb ki, bu da daxili bazarda ən çox satılan məhsul olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə benzin 6,1 faiz çox satılıb. Azərbaycanın daxili bazarında А-92 markalı benzinin bir tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 670 AZN, А-95-in isə 736 AZN təşkil edir. Komitənin məlumatına görə, yanvar-oktyabr aylarında Azərbaycanın "Azpetrol" şirkəti realizə üçün 397,7 min ton, "LUKoyl" 134,6 min tona yaxın, "SOCAR Petrolium" isə 173,6 min tondan çox avtomobil benzini alıb.
Yanvar-oktyabrda daxili bazarda 738,5 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilin yanvar-oktyabrından 14,3 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manatdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, "Azpetrol" bu həcmdən təxminən 178,7 min ton, "LUKoil" 82 minə yaxın dizel yanacağı alıb. Xəzər Dəniz Gəmiçiliyi 19 min tondan çox dizel yanacağı əldə edib. Bu dövrdə 114,5 min ton dizel yanacağı "SOCAR Petroleum" şirkətinə göndərilib.
Hazırda "Azpetrol" Azərbaycanda 70 yanacaqdoldurma məntəqəsinə (YDM) malikdir ki, onlardan 66-sı benzindoldurma, 4-ü qazdoldurma stansiyasıdır. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması, YDM-in fasiləsiz işləməsini təmin etmək və müştərilərə xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 1999-cu ildə ümumi tutumu 7 min ton olan neft bazası və beynəlxalq tələblərə cavab verən avtomobil parkı istismara verilib. Hazırda şirkətin avtomobil parkında YDM-ləri yanacaqla təmin edən 17 tondan 42 tonadək tutumu olan 110 benzindaşıyan maşın var. Ölkədəki YDM-lərin ümumi sayının təxminən 15 faizi "Azpetrol"a məxsusdur. Şirkətin bazarın müvafiq sektorundakı payı isə 50 faizdən çoxdur.
Yanvar-oktyabr aylarında daxili bazarda 216 min ton yanacaq mazutu satılıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 16,8 faiz azdır. Daxili bazarda М-40 mazutunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 100 AZN təşkil edir.
Yanvar-oktyabr aylarında daxili bazarda 401,5 min ton aviasiya kerosini satılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz çoxdur. Azərbaycanın daxili bazarında aviasiya kerosininin 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 307 AZN təşkil edir.
Yanvar-oktyabr aylarında 189,2 min ton neft bitumu satılıb. Bu göstərici ötən illə müqayisədə 3,9 faiz azdır. Daxili bazarda BN 60/90 bitumunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 160 AZN təşkil edir.
Yanvar-oktyabrda daxili bazarda 65,7 min ton neft və maye qaz (LPG) satılıb. Bu göstərici ötən illə müqayisədə 8,9 faiz azdır.
Neft məhsullarının digər növlərindən daxili bazarda 700,1 min ton satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,5 faiz azdır.