...

ARDNŞ Rusiya-Ermənistan qaz boru kəmərinin Gürcüstan hissəsinin özəlləşdirilməsi ilə maraqlanır

Energetika Materials 30 Noyabr 2010 21:09 (UTC +04:00)
ARDNŞ Gürcüstan ərazisində mövcud magistral qaz kəmərlərinin, o cümlədən Rusiyadan Ermənistana təbii qazın ixrac olunduğu kəmərin Gürcüstan hissəsinin imkanlarından tranzit məqsədləri üçün istifadə edilməsini nəzərdən keçirir.
ARDNŞ Rusiya-Ermənistan qaz boru kəmərinin Gürcüstan hissəsinin özəlləşdirilməsi ilə maraqlanır

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir S.Əliyev/

ARDNŞ Gürcüstan ərazisində mövcud magistral qaz kəmərlərinin, o cümlədən Rusiyadan Ermənistana təbii qazın ixrac olunduğu kəmərin Gürcüstan hissəsinin imkanlarından tranzit məqsədləri üçün istifadə edilməsini nəzərdən keçirir. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və Neft-Qaz Korporasiyasının rəhbəri Zurab Cancqava ilə danışıqlar zamanı deyib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Abdullayev əminliyini bildirib ki, Gürcüstandakı mövcud qaz infrastrukturu Azərbaycanın maye qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsinin həyata keçirilməsinə imkan verəcək.

ARDNŞ rəhbərinin sözlərinə görə, Gürcüstan hökumətinin həmin kəmərlərin özəlləşdirilməsi haqqında qərar qəbul edəcəyi təqdirdə, ARDNŞ bu aktivlərə maraq göstərəcək.

Gürcüstanın energetika naziri Xetaquri və Neft-Qaz Korporasiyasının rəhbəri Cancqava ilə keçirilən görüşdə Gürcüstanın strateji enerji layihələrində fəallığını artırmaq istəyi və bu istiqamətdə atılması tələb olunan addımlar haqqında geniş müzakirələr aparılıb.

ARDNŞ prezidentinin Gürcüstan rəsmiləri ilə danışıqlarında ölkə regionlarının qazlaşdırılması üzrə aktual məsələlər, yeni abonentlərin qaz şəbəkəsinə qoşulması, payız-qış mövsümündə Gürcüstan istehlakçılarının təbii qazla sabit və etibarlı təminatı məsələləri diqqət mərkəzində olub. Abdullayevin sözlərinə görə, Tbilisi istisna olmaqla, demək olar ki, Gürcüstanın bütün paylayıcı şəbəkələrinə sahib olan ARDNŞ gələcəkdə aparılan bütün işləri davam etdirəcək.

ARDNŞ rəhbərinin apardığı danışıqlarda Gürcüstanın qaz təminatı sahəsində ARDNŞ-nin həyata keçirdiyi layihələrin gedişi müzakirə olunub, ölkənin qaz distribusiyası şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi, Gürcüstan bazarının neft məhsulları ilə təchizatında ARDNŞ-nin fəal iştirakı, habelə Azərbaycanda istehsal edilən neft məhsullarının Gürcüstan ilə tranziti məsələləri müzakirə edilib.

Gürcüstan rəsmiləri ARDNŞ-nin bu sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, şirkətin Gürcüstanın enerji bazarında mühüm rol oynadığını xüsusi qeyd ediblər.

AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti