...

Odessa-Brodı kəməri iri həcmdə Azərbaycan neftinin nəqlinə hazırdır

Energetika Materials 10 Yanvar 2011 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılova/

Odessa-Brodı kəməri texniki baxımdan 10 milyon ton Azərbaycan neftini nəql etmək iqtidarındadır. Bu barədə Trend-ə bazar ertəsi telefonla "Sarmatiya" beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka bildirib.

"Hazırda onun buraxılış qabiliyyəti ildə 14,5 milyon ton təşkil edir və bu boru kəməri ilə 10 milyon ton Azərbaycan nefti nəql edilə bilər", - Skripka qeyd edib.

Azərbaycan, Belarus və Venesuela buna qədər "svop" neft tədarükü barədə razılığa gəliblər. Bununla yanaşı nəzərdə tutulmuşdu ki, Azərbaycan Belarusa tədarük ediləcək neft əvəzinə ABŞ bazarında satılacaq Venesuela neftini alacaq. Bu halda söhbət ildə 5 milyon tona qədər Azərbaycan neftindən gedir.

Öz növbəsində Venesuelanın Belarusdakı səfiri Ameriko Dias Nunes bəyan edib ki, Venesuela Belarus ilə ildə 10 milyon tonadək neftin tədarükünə dair müqavilənin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycandan əlavə neft həcmi ala bilər. "Belarusa bəyan edilən neft həcminin tədarükü üçün PDVSA şirkəti ildə 10 milyon tona qədər neftin tədarükünə dair müqavilənin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycandan əlavə olaraq lazımi miqdarda neft alacaq", - səfir deyib. Belarus bu nefti yalnız boru tədarükünə görə Azərbaycana ödəniş etməklə Odessa-Brodı kəməri ilə alacaq.

Əvvəllər ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsinin dediyi kimi, bu layihə çərçivəsində əməliyyatların həyata keçirilməsi CIF şərtləri əsasında Azərbaycan neftinin Ukrayna limanlarına çatdırılmasını nəzərdə tutur və neftin sonralar nəqli məsələsinə aid deyil.

Odessa-Brodı neft nəqli layihəsi neftin Ukrayna NEZ-lərinə tədarükünün diversifikasiyası və ölkənin tranzit imkanlarının artırılması məqsədi ilə planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin aprel ayında başa çatıb. Magistral 674 km uzunluğa malikdir, borunun diametri isə 1020 mm-dir. Neft kəməri və terminalın gücü il ərzində 9-14 milyon ton təşkil edir.

Ukrayna neft boru kəmərinin tikilməsi anından iki il ərzində Xəzər neftinin bu kəmərlə birbaşa nəqlinə nail olmaq üçün uğursuz çalışıb. Şirkətlərdən konkret təkliflər almayan Ukrayna hökuməti 2004-cü il iyunun sonunda Rusiya neftinin nəqli üçün boru kəmərindən revers istiqamətdə istifadəyə icazə verib.

Xəbər lenti

Xəbər lenti