...

2010-cu ildə Azərbaycanın daxili bazarında neft məhsullarının satışı artıb

Energetika Materials 19 Yanvar 2011 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

2010-cu ildə Azərbaycanın daxili bazarına 3,9 milyon neft məhsulları göndərilib ki, bu da 2009-cu ilin göstəricisindən 4,9 faiz çoxdur. Bu barədə ölkənin Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Neft məhsullarının ümumi həcmindən 1,05 milyon ton daxili bazarda ən çox satılan avtomobil benzininin payına düşüb. Bu dövrdə benzin ötən ildə olduğundan 5,6 faiz çox satılıb. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 670 manat, A-95 markalı benzinin qiyməti isə 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-cu ildə Azərbaycanın "Azpetrol" şirkəti realizə edilməsi üçün təxminən 471,5 min ton, "LUKoil" 150 min tondan artıq, "SOCAR Petroleum" isə 194,2 min ton avtomobil benzini alıb.

Ötən il daxili bazarda 916,9 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilin göstəricisindən 16,9 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, "Azpetrol" bu həcmdən 199,36 min ton, "LUKoil" 165,6 min tona yaxın alıb. Bu dövrdə "SOCAR Petroleum" şirkətinə 216,2 min tona yaxın dizel yanacağı göndərilib.

Hazırda "Azpetrol" şirkəti Azərbaycanda 70 yanacaqdoldurma məntəqəsinə (YDM) malikdir, onlardan 66-sı benzindoldurma, 4-ü qazdoldurma stansiyasıdır. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması, yanacaqdoldurma məntəqələrinin fasiləsiz işinin təmin olunması və müştərilərə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə 1999-cu ildə beynəlxalq standartlara cavab verən, ümumi tutumu 7 min ton olan neft bazası və avtopark istismara verilib. Hazırda "Azpetrol"un avtoparkında şirkətin yanacaqdoldurma məntəqələrini yanacaqla təmin edən tutumu 17 tondan 42 tonadək olan 110 benzindaşıyan avtomobil var. Ölkədəki YDM-lərin təxminən 15 faizi "Azpetrol"a məxsusdur, şirkətin bazarın müvafiq sektorunda payı 50%-dən çoxdur.

Hazırda "SOCAR Petroleum" şirkəti Bakıda altı yanacaqdoldurma məntəqəsinə malikdir. ARDNŞ Azərbaycanda 26-30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

2010-cu ildə daxili bazarda 261,9 min ton yanacaq mazutu reallaşdırılıb ki, bu da 2009-cu ilin göstəricisindən 9,7 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 100 manat olub.

Bu dövrdə 486,8 min ton aviasiya kerosini satılıb ki, bu da 2009-cu ilin göstəricisindən 26 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosininin qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 307 manatdır.

2010-cu ildə daxili bazarda 228,3 min ton neft bitumu satılıb. Bu, 2009-cu ilin göstəricisindən 0,9 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.

2010-cu ildə daxili bazarda 83,9 min ton mayeləşdirilmiş qaz (LPG) satılıb ki, bu da 2009-cu ilin göstəricisindən 3,4 faiz azdır.

Daxili bazarda 878,8 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2009-cu ilin göstəricisindən 8,4 faiz azdır.

Xəbər lenti

Xəbər lenti