...

Gürcüstan Prezidenti ARDNŞ tərəfindən tikilən qaz kəmərinin açılış mərasimində iştirak edib

Energetika Materials 24 Yanvar 2011 18:30 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili bazar ertəsi "SOCAR Georgia Gas" (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu) tərəfindən Gürcüstanın Poti şəhərində tikilən qaz kəmərinin birinci növbəsinin açılışında iştirak edib.
Gürcüstan Prezidenti ARDNŞ tərəfindən tikilən qaz kəmərinin açılış mərasimində iştirak edib

Gürcüstan, Poti, 24 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili bazar ertəsi "SOCAR Georgia Gas" (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu) tərəfindən Gürcüstanın Poti şəhərində tikilən qaz kəmərinin birinci növbəsinin açılışında iştirak edib. Trend-in məlumatrına görə, Gürcüstan Prezidenti bildirib ki, Poti qazlaşdırılmadan heç bir layihənin həyata keçirilməsi mümkün deyil.

"Tezliklə Potidə 100 000 nəfər yaşayacaq və onlara qaz lazımdır. Bu işdə bizə ARDNŞ kömək edir, buna görə də biz Azərbaycan şirkətinə minnətdarıq", - Prezident deyib və qeyd edib ki, indi şəhər inkişaf edəcək və yüz faiz məşğulluq şəhəri olacaq.

"Poti əvvəllər heç vaxt şəhər olmayıb, indi isə biz onu inkişaf etdirə və sərmayədarlar cəlb edə bilərik", - Prezident deyib.

Açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov, "SOCAR Georgia Gas" şirkətinin direktoru Anar Məmmədov, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və ölkənin digər rəsmi şəxsləri iştirak ediblər.

Mərasimin gedişində Mixail Saakaşvili dost dəstəyinə görə Azərbaycana öz minnətdarlığını bildirib.

"Dünyada qiymətlərin getdikcə artmasına baxmayaraq, Azərbaycan ilə tariflə bağlı saziş sayəsində qaz Gürcüstan üçün bahalaşmır", - o deyib.

Saakaşvili qaz tədarükü üzrə Bakı ilə imzalanan sazişi Azərbaycan rəhbərliyi tərəfindən dostluq və dəstəyin təzahürü adlandırıb. "Bu, gürcü xalqı üçün çox böyük dəstəkdir", - o deyib.

"Təəssüf ki, iqtisadiyyatımız bizim gözlədiyimiz templərlə inkişaf etmir. Bu da əhali üçün müəyyən çətinliklər yaradır və belə vəziyyətdə bizə göstərilən kömək çox vacibdir", - Prezident qeyd edib.

Gürcüstanın Poti şəhərində Çavçavadze küçəsində uzunluğu 6,8 kilometrə qədər olan qaz kəməri doqquz yaşayış binasını və özəl sektoru əhatə edəcək. Bu, 707 potensial abonentə qaz şəbəkəsinə qoşulmağa imkan verəcək.

Bu hadisə xüsusilə həm şəhər, həm də bütün ölkə üçün əhəmiyyət kəsb edir. Belə ki, Poti şəhəri bu günə kimi təbii qaz ala bilməyib və "SOCAR Georgia Gas" şəhərin qazlaşdırılmasını praktiki olaraq "sıfırdan" aparır.

Şirkət Potidə uzunluğu 150 km olan qaz kəməri tikmək niyyətindədir. Bunun nəticəsində yaxın illərdə əhalinin gələcək artımı nəzərə alınmaqla, 17 000-dən çox abonent, eləcə də 174 müxtəlif təyinatlı obyekt qazlaşdırılacaq.

Nəzərdə tutulan 3 illik investisiya proqramına (2009-2011-ci illər) əsasən, Sameqrelo diyarında 40000-dən çox potensial abonentin qoşulmasını nəzərdə tutan 500 kilometrdən, bütün Gürcüstan üzrə 150 000-dən çox abonentin qazlaşdırılması ilə 1500-dən çox yeni qaz kəmərinin tikintisi planlaşdırılır.

2009-2010-cu illər ərzində "SOCAR Georgia Gas" şirkəti tərəfindən 880 kilometr qaz kəməri tikilib və 86 min potensial abonent qazlaşdırılıb. Hazırda uzunluğu 470 kilometr olan qaz kəmərlərində tikinti-montaj işləri başa çatmaq üzrədir. Bu, 22 min abonentə ümumi qaz şəbəkəsinə qoşulmağa imkan verəcək.

"SOCAR Energy Georgia"nın törəmə şirkəti olan "SOCAR Georgia Gas" şirkəti 2007-ci ilin avqustunda Gürcüstanın təbii qaz bazarında iştirak üçün yaradılıb.

Xəbər lenti

Xəbər lenti