...

Rusiya "Nabukko" üçün qaz tədarük edə bilər - Nabucco Gas Pipeline International

Energetika Materials 10 Mart 2011 17:45 (UTC +04:00)
"Nabukko" layihəsi çərçivəsində investisiya qərarı bu il qəbul ediləcək və Rusiya daha sonrakı mərhələdə boru kəməri üçün qaz tədarük edə bilər.
Rusiya "Nabukko" üçün qaz tədarük edə bilər - Nabucco Gas Pipeline International

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir E.İsmayılov/

"Nabukko" layihəsi çərçivəsində investisiya qərarı bu il qəbul ediləcək və Rusiya daha sonrakı mərhələdə boru kəməri üçün qaz tədarük edə bilər. Bu barədə cümə axşamı Nabucco Gas Pipeline International (NGPI) konsorsiumunun baş direktoru Reynhard Mitçek Macarıstanın "Világgazdaság" gündəlik qəzetinə müsahibəsində deyib.

"Əgər NGPI investisiyalarla bağlı məsələni həll etsə, onda şirkət bu ilin sonunadək Avropa Komissiyası və ilk müqavilələrin imzalanmasından sonra layihədə iştirak edən ölkələrin enerji hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində kəmərdə güclərin reallaşdırılması üzrə hərrac (open - season) keçirəcək", - Mitçek bildirib.

NGPI baş direktorunun sözlərinə görə, Azərbaycan və İraq, daha sonra isə Türkmənistan layihənin reallaşdırılmasının birinci mərhələsində boru kəmərinə qaz tədarük edəcək, eyni zamanda, Rusiya da ikinci mərhələdə Türkmənistan vasitəsilə boru kəməri ilə qaz tədarük edə bilər. Mitçek bəyan edib ki, layihə şirkəti hələlik tədarükçülərlə Rusiya qazının "Nabukko" ilə tədarükünə dair birbaşa danışıqlar aparmayıb. Həmçinin o qeyd edib ki, İrana bu ölkədəki siyasi qeyri-sabitlik, həmçinin bu ölkənin netto-qaz idxalçısı olaraq qalması səbəbindən hazırda təklif olunan boru kəməri üçün qaz tədarükçüsü qismində baxılmır.

Mitçekin sözlərinə görə, şirkət hazırda boru kəmərinin tikintisinin dəyərinə təsir edə biləcək amillərin təhlilini aparır. Qiymətləndirmələrə görə, layihənin yekun dəyəri çox güman ki, əvvəllər ehtimal olunan 7,9 milyard avrodan bir milyard avro civarında yuxarı olacaq.

Konsorsiumun baş direktoru qeyd edib ki, NGPI üç özəl şirkətdən hansının - Macarıstanın MOL, Avstriyanın OMV və yaxud Almaniyanın RWE şirkətinin 1,7 milyard avro məbləğində dövlət zəmanəti təqdim etməli olacağını araşdırır. Bununla yanaşı, onun sözlərinə görə, aydındır ki, layihədə iştirak edən üç dövlət şirkəti - Türkiyənin BOTAŞ, Rumıniyanın "Transgaz" və Bolqarıstanın "Bulgargaz" belə dövlət zəmanəti təqdim edəcəklər.

"Nabukko" boru kəməri "bir pəncərə" prinsipi əsasında işləyəcək. Mitçek bildirib ki, bununla bağlı NGPI boru kəmərinin bütün uzunluğu boyu qaz tədarükçüləri ilə qaz müqavilələri üzrə danışıqlar aparacaq, nəticədə boru kəməri boyunca hər bir ölkə ilə ayrıca tranzit sazişi lazım olmayacaq.

Mitçek Azərbaycandan maye qazın Qara dəniz vasitəsilə və Rumıniyadan Mərkəzi Avropaya nəqlini nəzərdə tutan AGRI-nin investisiyaların "Nabukko" layihəsindən yayındıracağından narahat olmadığını qeyd edib və Avropaya bütün mümkün mənbələrdən qaz lazım olduğunu əlavə edib.

"Nabukko" qaz kəmərinin tikintisi 2012-ci ildə nəzərdə tutulub. Onunla ilk qaz tədarükü 2015-ci ildə gözlənilir. Uzunluğu 3300 kilometr olan boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edəcək.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti