...

Azərbaycanda hibrid elektrik stansiyasının tikintisi üzrə işlər başa çatdırılır

Energetika Materials 11 Mart 2011 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda Azərbaycanda Qobustan rayonu ərazisində hibrid tipli beşmeqavatlıq elektrik stansiyası istismara veriləcək. Bu barədə hökumətin 2010-cu ilin yekunları üzrə hesabatında deyilir.

Məlumata əsasən, elektrik stansiyası 38 hektar ərazidə yerləşəcək və günəş, külək və bioloji qaz enerjisi ilə işləyəcək.

2010-cu ildə ümumilikdə dövlət büdcəsindən alternativ enerji mənbələrinin inkişafına 40 milyon manat ayrılıb. Bundan 15 milyon Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin payına düşüb.

Xüsusilə, agentlik üçün ayrılan vəsaitlərin bir hissəsi Qobustan rayonunda hibrid elektrik stansiyasının və sınaq-treninq mərkəzinin tikintisinə yönəldilib.

Elektrik stansiyası mərkəzləşdirilmiş enerji sistemindən müstəqil şəkildə lokal enerji təminatçısı sistemi kimi işləyəcək.

Məlumata əsasən, layihə çərçivəsində tikinti işlərinin çox hissəsi artıq başa çatdırılıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün nəzərdə tutulan vəsaitlərin bir qismi layihə-smeta sənədləşməsinin hazırlığına, günəş panel və kollektorların alışına və Qala Tarixi Etnoqrafik Dövlət Qoruğunun təmini üçün gücü 170 kilovat olan muxtar stansiyanın yaradılmasına xərclənib. Layihə çərçivəsində nəzərdə tutulan işlərin 70 faizi ötən il başa çatdırılıb.

Agentlik üçün ayrılan vəsaitlərin bir hissəsi təşkilatın maddi-texniki bazasının yaxşılaşdırılmasına da xərclənib. Vəsaitlər avadanlığın alınmasına və tikintiyə, eləcə də alternativ enerji mənbələri sahəsində beynəlxalq standartlara uyğun olan normativ və texniki-iqtisadi sənədlərin hazırlanmasına xərclənib.

Xəbər lenti

Xəbər lenti