...

İlin sonunadək Azərbaycan qazının Türkiyə ilə tranzitinə dair müqavilə imzalanacaq - Rövnəq Abdullayev

Energetika Materials 16 Mart 2011 16:56 (UTC +04:00)
Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar və Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkəti Azərbaycan qazının Türkiyə ərazisi ilə tranziti və bu ölkənin layihənin ikinci mərhələsində qaz alışı üzrə müqavilənin hazırlanması çərçivəsində işlər aparırlar.
İlin sonunadək Azərbaycan qazının Türkiyə ilə tranzitinə dair müqavilə imzalanacaq - Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar və Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkəti Azərbaycan qazının Türkiyə ərazisi ilə tranziti və bu ölkənin layihənin ikinci mərhələsində qaz alışı üzrə müqavilənin hazırlanması çərçivəsində işlər aparırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, əvvəllər bu məsələlərlə bağlı memorandum imzalanıb.

ARDNŞ prezidenti bildirib ki, müqavilə cari ilin sonunadək imzalanacaq.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 9 milyard kubmetr qaz və 50 min barel kondensat səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 24 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

2010-cu ildə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından 6,9 milyard kubmetrə yaxın qaz və 1,9 milyon ton (14,7 milyon barel) kondensat hasil olunub. Ötən il yataqda orta sutkalıq hasilat 19 milyon kubmetr qaz və 40,2 min barel kondensat təşkil edib.

2009-cu ildə "Şahdəniz" yatağından qaz hasilatı 6,2 milyard kubmetr qaz (orta hesabla sutkada 16,9 milyon kubmetr) və 1,7 milyon ton kondensat təşkil edib.

Xəbər lenti

Xəbər lenti