...

"Azəriqaz" İB Azərbaycanın qazla təchizatının yaxşılaşdırılması üzrə işlər həyata keçirir

Energetika Materials 1 Aprel 2011 13:37 (UTC +04:00)
Azərbaycanda əhaliyə qaz verilməsi prosesi bütün beynəlxalq tələblərə cavab verir və gün ərzində onun rejimi dəyişməz qalır.
"Azəriqaz" İB Azərbaycanın qazla təchizatının yaxşılaşdırılması üzrə işlər həyata keçirir

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda əhaliyə qaz verilməsi prosesi bütün beynəlxalq tələblərə cavab verir və gün ərzində onun rejimi dəyişməz qalır. Bu barədə jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin mühəndisi Tahir Kazımov məlumat verib.

Onun sözlərinə görə, il ərzində əhaliyə qaz 0,05 atmosferdək həcmində aşağı təzyiq altında verilir. "Qazın verilməsi rejimi gün ərzində dəyişilməz qalır", - Kazımov deyib.

O deyib ki, respublikada verilən qazın keyfiyyəti bütün norma və tələblərə tam cavab verir. "Azəriqaz" istehlakçılara verilən qazı ARDNŞ-nin qaz emalı zavodundan tədarük edir. Qazın keyfiyyəti və tərkibi həm zavoddakı laboratoriyada, həm də "Azəriqaz"ın laboratoriyalarında yoxlanılır.

Hazırda İB Bakının və ətraf rayonların, eləcə də bütün respublikanın qaz təchizatının yaxşılaşdırılması üzrə işlər görür. Həmçinin qaz kəmərləri yerin altından üstə çıxarılır, borular yeniləri ilə əvəz edilir, yeni texnologiyalar tətbiq olunur. "Qısa müddətdə bu işlərin başa çatdırılması planlaşdırılır", - Kazımov qeyd edib.

Əsas məqsəd istehlakçıları keyfiyyətli qaz ilə və onun fasiləsiz verilməsini təmin etməkdir.

İstehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə İB-nin işçiləri müntəzəm olaraq abonentlərin qaz cihazlarına baxış keçirir, onları qazdan təhlükəsiz istifadə qaydaları haqqında məlumatlandırırlar. "Bütün bunlar qazdan istifadə zamanı baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilir", - Kazımov deyib.

Paylayıcı şəbəkə ilə qazın nəqli zamanı qaz itkisinin həcminin minimum səviyyəyədək azaldılması üçün də işlər görülür. Qazın nəqli zamanı itkilərin olması ölkədə və Bakı şəhərində qazpaylayıcı şəbəkənin fiziki cəhətdən artıq çoxdan köhnəlməsi ilə bağlıdır ki, itkinin əsas səbəblərindən biri budur. Lakin hazırda bu itkilərin ilin sonunadək minimumadək azaldılması üzrə işlər aparılır. "Məhz bu məqsədlə boru kəmərlərinin yeniləri ilə əvəzlənməsi, yeni texnoloji materiallardan, o cümlədən polietilen borulardan istifadə həyata keçirilir", - Kazımov qeyd edib.

Xəbər lenti

Xəbər lenti