...

"Foster Wheeler AG" şirkəti ARDNŞ-yə birgə müəssisə yaratmağı təklif edir

Energetika Materials 14 İyun 2011 19:39 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev "Foster Wheeler AG" şirkətinin prezidenti və əməliyyat direktoru Umberto della Sala və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.
"Foster Wheeler AG" şirkəti ARDNŞ-yə birgə müəssisə yaratmağı təklif edir

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Çərşənbə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev layihələndirmə, tikinti və elektrik stansiyaları üçün avadanlıqların təchizatı sahələri üzrə dünyada tanınmış "Foster Wheeler AG" şirkətinin prezidenti və əməliyyat direktoru Umberto della Sala və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu deyən Rövnəq Abdullayev indiyədək iki şirkət arasında mövcud olmuş əməkdaşlıq münasibətlərinin genişlənərək yeni layihələri də əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

Bakıya ilk dəfədir ki, səfər etdiyini deyən Umberto della Sala Azərbaycan və ARDNŞ ilə yaxından tanış olduğunu deyib. O, rəhbərlik etdiyi şirkətin dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi işlərdən danışıb. Della Sala ARDNŞ-nin Türkiyədə inşa etdirməyə hazırlaşdığı Egey neft emalı zavodunun layihəsi üzrə məlumat verib və bu əməkdaşlığın müsbət nəticələnəcəyinə əminliyini bildirib.

Azərbaycandakı layihələrdə də iştirak etmək niyyətini ifadə edən "Foster Wheeler AG" şirkətinin prezidenti ARDNŞ ilə geniş profilli mühəndis xidmətləri göstərmək məqsədi daşıyan birgə müəssisənin yaradılması niyyətində olduqlarını söyləyib.

"Foster Wheeler"lə əməkdaşlığa hazır olduğunu deyən ARDNŞ prezidenti hazırda şirkətin strukturunda zəngin tarixə və ənənələrə malik elmi-tədqiqat və layihələndirmə institutunun fəaliyyət göstərdiyini deyərək, bu institutun dünya səviyyəli bir mərkəzə çevrilməsinin əsas məqsədlərdən olduğunu bildirib. "Foster Wheeler"in birgə müəssisə haqqında təklifinin mütəxəssislər tərəfindən diqqətlə araşdırılacağını deyən Abdullayev, qarşıdakı illərdə əməkdaşlıq imkanlarının daha da genişlənəcəyinə inandığını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti