Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.İsmayılov/
Oktyabrın sonlarına ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə bu ölkədəki Petkim neft-kimya kompleksinin xammala olan tələbatını ödəmək üçün yeni neft emalı zavodunun özülünün qoyulmasını həyata keçirməyi planlaşdırır. Bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev məlumat verib. "SOCAR-Turcas" kompleksin ortağı qismində çıxış edir.
"Artıq texniki-iqtisadi əsaslanmanın hazırlanması prosesi başa çatıb və yeni NEZ-in tikintisinin maliyyələşdirilməsi məsələsi ilə bağlı banklarla danışıqlar aparılır", - Abdullayev deyib.
Onun sözlərinə görə, NEZ-də birinci qurğunun işə salınması tikinti işlərinə başlanandan sonra 4 il ərzində mümkün olacaq.
Bir müddət əvvəl "SOCAR-Turcas" şirkətlər qrupunun idarə heyətinin üzvü Kənan Yavuz Trend-ə bildirmişdi ki, NEZ-in tikintisi üçün lazım olan investisiyaların həcmi 4,5-5 milyard dollar təşkil edəcək.
NEZ-in ümumi gücü 10 milyon ton təşkil edəcək, zavodda istehsal edilən neft məhsulları "Petkim"in və Türkiyənin daxili bazarının tələbatlarını ödəməyə yönəldiləcək.
2015-ci ilədək NEZ-in tikintisinə, energetika sahəsinin və liman-logistika mərkəzinin inkişafına investisiyaların ümumi həcmi 6 milyard dollar təşkil edəcək. Bunun 5,7 milyad dolları "SOCAR-Turcas" tərəfindən yatırılacaq.
Yavuzun sözlərinə görə, liman-logistika mərkəzinin inkişafına 50 milyon dollar yatırılacaq. Neft-kimya kompleksinin inkişaf proqramının ikinci mərhələsi çərçivəsində 2015-ci ildən sonra istehsal gücünün indiki 3 milyon tondan 6 milyon tonadək artıırlması planlaşdırılır.
Proqramın həyata keçirilməsinin məqsədi 2015-ci ilə satış həcminin 15 milyard dollar, 2020-ci ilə isə 20 milyard dollar səviyyəsinə çatdırılmasıdır.
2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.
"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.