...

Türkiyədə baş vermiş zəlzələ BTC neft kəmərinin ixrac əməliyyatlarına təsir etməyib

Energetika Materials 24 Oktyabr 2011 10:54 (UTC +04:00)
Türkiyədə baş vermiş zəlzələ Azərbaycanda hasil edilən neftin böyük hissəsinin nəql olunduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə həyta keçirilən ixrac əməliyyatlarına təsir etməyib.
Türkiyədə baş vermiş zəlzələ BTC neft kəmərinin ixrac əməliyyatlarına təsir etməyib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Türkiyədə baş vermiş zəlzələ Azərbaycanda hasil edilən neftin böyük hissəsinin nəql olunduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə həyta keçirilən ixrac əməliyyatlarına təsir etməyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BP-Azerbaijan şirkətinin məlumatında deyilir.

Məlumata görə, zəlzələnin episentrindən BTC-dək minimum məsafə 200 kilometr təşkil edir.

BP-dən bildirilib ki, neft kəməri belə hallar üçün nəzərdə tutulmuş müxtəlif cihazlar və detektorlarla təchiz edilib ki, onlar zəlzələnin neft kəmərinin işinə və vəziyyətinə təsirini qeydə almayıb.

Bazar günü Türkiyənin Van əyalətində 7,2 bal gücündə olan zəlzələ baş verib. Bosfor universitetinin seysmologiya rəsədxanasının direktoru Mustafa Erdikin jurnalistlərə verdiyi məlumata görə, Van vilayətində baş vermiş zəlzələnin qurbanlarının sayı 1000 nəfərə çata bilər.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

Boru kəmərinin gücü sutkada 1,2 milyon barel neft təşkil edir.

"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti