Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə və Azərbaycan arasındakı "Trans Anadolu" yeni qaz kəməri layihəsi "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsinə çəkilən xərclərin azaldılmasına yönəlib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
"Nabukko" ITGI, TAP kimi layihələrin həyata keçirilməsi şübhəli görünürdü, lakin Türkiyə və Azərbaycan arasında yeni qaz kəmərinin tikintisindən sonra bu layihələrin həyata keçirilməsi məsələsi daha dəqiq cizgilər alır" , - nazir deyib.
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bir gün əvvəl bəyan edib ki, Azərbaycan və Türkiyə Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərindək uzanacaq yeni qaz kəmərinin tikintisi imkanlarının öyrənilməsi üzrə işlərə başlayıblar.
Onun əvvəl dediyi sözlərə görə, Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini ixrac etmək üçün Bakı və Ankara Türkiyə ərazisində yeni qaz kəməri tikməyə hazırlaşırlar.
Bu layihənin iştirakçıları bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirlər ki, 2017-ci ilin sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun.
"Cənub dəhlizi"nin layihələrindən biri olan "Nabukko" qaz kəməri layihəsi Xəzər regionu və Yaxın Şərqdən qazın Aİ ölklərinə tədarükünü nəzərdə tutur. Boru kəmərinin tikintisi 2013-cü ilə nəzərdə tutulub. Kəmərlə ilk tədarüklər isə 2017-ci ildə gözlənilir. Azərbaycanın "Şahdəniz" qazkondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə ediləcək qaz bu layihə üçün əsas qaz mənbəsi qismində nəzərdən keçirilir.
"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. O, enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).