...

Azərbaycan böyük həcmdə təbii qazla Avropa bazarına çıxa bilər - XİN

Energetika Materials 8 Dekabr 2011 15:30 (UTC +04:00)
Azərbaycan böyük həcmdə təbii qazla Avropa bazarına çıxa bilər.
Azərbaycan böyük həcmdə təbii qazla Avropa bazarına çıxa bilər - XİN

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan böyük həcmdə təbii qazla Avropa bazarına çıxa bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Bloomberg" telakanalına müsahibəsində deyib.

"Biz hazırda Avropa Komissiyası ilə təbii qazımızın Avropaya tədarük marşrutları barədə danışıqlar aparırıq", - Məmmədyarov bildirib.

O qeyd edib ki, Azərbaycan qazının Avropaya tədarükünün bütün variantları danışıqlar masası üzərindədir və ən yaxşı variantın qəbulu çox güman ki, gələn ilin əvvəlində baş verəcək.

Azərbaycan tərəfinə artıq "Cənub dəhlizi" ("Nabukko", TAP və ITGI) layihələri çərçivəsində "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropaya nəqli üzrə təklif təqdim edilib. Azərbaycan Avropa bazarına ildə 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.

Məmmədyarovun sözlərinə görə, texniki məsələlər də daxil olmaqla hər şey düz gedirsə, Azərbaycanın ilk təbii qazı Avropa bazarına 2018-2020-ci illərdə çata bilər.

O bildirib ki, son vaxtlar Azərbaycan Türkiyə ilə bütün zəruri sənədləri, o cümlədən tranzit sazişini imzalayıb.

"Biz indi marşrutu və böyük həcmdə qazın təkcə Türkiyəyə deyil, həmçinin Avropa bazarına çatdırılmasını necə təmin etməyi müəyyən etməliyik", - Məmmədyarov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti