...

Türkiyə və Azərbaycan Avropaya qaz kəmərinin tikintisi üzrə anlaşma memorandumu imzalayıblar (ƏLAVƏ OLUNUB)

Energetika Materials 26 Dekabr 2011 13:29 (UTC +04:00)

Türkiyənin energetika nazirinin qaz kəmərinin dəyəri ilə bağlı sözləri əlavə olunub (birinci xəbər saat 12:44-də yayılıb)

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir A.Tağıyeva /

Türkiyə və Azərbaycan bazar ertəsi Azərbaycanın "Şahdəniz" yatağından təbii qazın Türkiyə ərazisindən Avropaya nəqli üçün qaz kəməri tikəcək konsorsiumun yaradılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Trend-in məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı bazar ertəsi məlumat verib.

İmzalanma mərasimində Türkiyənin energetika naziri Taner Yıldızın dediyinə görə, qaz kəmərinin dəyərini ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) müəyyən edəcək.

Bununla yanaşı, o qeyd edib ki, qiymət əvvəllər səsləndirilən beş milyard dollara yaxın ola bilər.

Trans Anadolu qaz kəmərinin (TANAP) tikintisi Azərbaycanın 2025-ci ilədək hasil etmək niyyətində olduğu 50 milyard kubmetr həcmində qazın böyük hissəsinin ixracı üçün lazımdır. Bakı və Ankara Türkiyə ərazisində yeni qaz kəməri tikmək niyyətindədirlər.

Layihə iştirakçıları bu qaz kəməri ilə bağlı bütün məsələləri 2012-ci ildə həll etməyi və layihənin "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə başlanacağı 2017-ci ilin sonunadək təhvil verilməsi üçün tikintiyə başlamağı planlaşdırır.
Konsorsiumun təsisçiləri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Türkiyənin dövlət boru kəməri operatoru BOTAŞ və Türkiyənin "Turkiye Petrolleri" SC neft şirkətidir. Gələcəkdə konsorsiuma başqa beynəlxalq neft-qaz şirkətləri də qoşula bilərlər.

Bu qaz kəməri "Cənub qaz dəhlizi"nin əsası olacaq.

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının (ehtiyatalrının həcmi 1,2 trilyon kubmetr) işlənməsi konsorsiumu Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O cümlədən, "Cənub qaz dəhlizi" marşrutları öyrənilir.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti