...

İranın neft-kimya sahəsi hələ ki Avropadan asılı olacaq

Energetika Materials 7 Fevral 2012 09:19 (UTC +04:00)
İranın neft naziri 5 Avropa şirkətindən neft emalı texnologiyalarının alınmasına qadağa qoyub. Bu şirkətlərdən üçü Böyük Britaniyanın (UOP, SW və Start Company), biri Fransanın (Axens), digəri isə Niderland-Britaniya birgə şirkətidir (Royal Dutch Shell)
İranın neft-kimya sahəsi hələ ki Avropadan asılı olacaq

Trend-i buradan izləyin

Dalğa Xatınoğlu, Fars redaksiyasının rəhbəri

İranın neft naziri 5 Avropa şirkətindən neft emalı texnologiyalarının alınmasına qadağa qoyub. Bu şirkətlərdən üçü Böyük Britaniyanın (UOP, SW və Start Company), biri Fransanın (Axens), digəri isə Niderland-Britaniya birgə şirkətidir (Royal Dutch Shell).

Həmin şirkətlərdən lisenziya alınsa da, onlar Abadan neft emalı zavodunun üçüncü fazasını - benzin istehsalı bölməsinin (Cat Cracker Unit) inkişaf planını həyata keçirməkdən imtina ediblər.

İran bundan əvvəl bildirmişdi ki, Tehran və Sazənd neft emalı zavodlarının bəzi istehsalat bölmələri Avropanın həmin şirkətlərindən lisenziya alsa da, onların iştirakı olmadan yerli şirkətlərin vasitəsilə istismara verilib.

İranda hazırda 9 neft emalı zavodu var, bu zavodların hamısının lisenziyası xarici şirkətlərdən alınıb.

İranın neft-kimya sektorunun istehsalat tutumu hazırda 42,952 min ton təşkil edir. Bu sektorda lisenziyaların 35 faizi Almaniya, 18 faizi İngiltərə, 12 faizi Fransa, 11 faizi Niderland şirkətlərindən alınıb.

Avropa-ABŞ lizensiyalarını çıxmaq şərtilə, lizensiyaların qalanı Yaponiya (5%), Səudiyyə Ərəbistanı (2%) və Çin (1%) şirkətlərindən alınıb. Başqa sözlə, İranın neft-kimya sahəsində lisenziyaların 85 faizi Avropa şirkətləri, 7 faizi isə ABŞ şirkətlərindən alınıb.

İranın beş ən böyük neft emalı zavodunun lizensiyası:

Sazənd

RIPI (İran), KTI (İtaliya), Technip (İtaliya), UOP (İngiltərə), Axens (Fransa)

Tehran

TPKTI, Technip, Axens, Intertek

Bəndər Abbas

Axens, Prosernat (Fransa)

Abadan

Axens, UOP, Topsoe (Danimarka), Technip-KTI (İtaliya)

İsfahan

Axens, UOP, Topsoe, Technip-KTI, Linde (Almaniya)

İran hazırda 7 yeni neft emalı zavodu tikir. İranın neft naziri Rüstəm Qasiminin sərəncamına görə, bu zavodların hamısı yerli texnologiya ilə inkişaf etdirilməlidir. Lakin 5 illik Milli İnkişaf Planına görə, 2015-ci ilədək ölkədə neft-kimya məhsullarının istehsal həcmi 100 milyon tona çatdırılmalıdır. Yeni layihələrin lisenziyalarının 15 faizi Almaniya, 9 faizi Niderland, 7 faizi Fransa və hərəsinə 4 faiz olmaqla İngiltərə, Danimarka, İsveçrə, Yaponiya və İndoneziyadan alınmalıdır. Layihələrin 44 faizinin lisenziyasının alınması ilə bağlı qərar hələ qəbul olunmayıb.

İran iddia edir ki, neft-kimya sahəsindəki texnologiya və avadanlıqların 25 faizini daxildə istehsal edə bilər, lakin Qərb ölkələrinin lisenziyası olmadan 7 yeni neft emalı zavodunun necə inkişaf etdiriləcəyi hələ də sual altındadır.

ABŞ-ın İrana benzinin satışı ilə bağlı qoyduğu sanksiyanı və ölkədə sutkada 60 milyon litrdən çox benzin istehlakını nəzərə alsaq, İranın Qərb şirkətləri olmadan uzunmüddətli benzin tələbatının təmin edilməsində problemlə üzləşəcəyi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti