Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Tarıverdiyeva/
Aİ ilə Mərkəzi Avropa, Qafqaz və Mərkəzi Asiya arasında energetika sahəsində əməkdaşlıq haqqında portalda - INOGATE proqramının saytında "İş üçün imkanlar" adlı yeni bölmə açılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü ENPI Info Center-in yaydığı məlumatda deyilir.
Bölmə Avropa formatında xülasə üçün şablonu, eləcə də bu sektorda iş üçün müxtəlif imkanları özündə ehtiva edir.
Misal üçün, INOGATE Azərbaycan, Gürcüstan və Ermənistan da daxil olmaqla, bir sıra ölkələrdə energetika sahəsində ekspertlər axtarır. Layihə 2012-ci ilin aprelindən başlayaraq 2015-ci ilin yanvarınadək natamam məşğulluq əsasında ölkələrin ekspertləri üçün işi nəzərdə tutur.
INOGATE beynəlxalq proqramı Avropa İttifaqı ilə tərəfdaş ölkələr - Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova, Qazaxıstan, Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanla enerji sahəsində əməkdaşlığı nəzərdə tutur.