Azərbaycan, Bakı, 7 may / Trend, müxbir E.İsmayılov/
Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) yarandığı vaxtdan bu il martın 31-dək 70,8 milyard dollar vəsait daxil olub. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin rəhbəri Şahmar Mövsümovun dünən "Respublika" qəzetində dərc olunmuş müsahibəsində deyilir.
Mövsümovun sözlərinə görə, fonda daxil olan vəsaitlərin ümumi həcmindən 32,4 milyard dollar (45,7 faiz) yığıma göndərilib.
"Hazırda ölkənin strateji valyuta ehtiyatları 43,2 milyard dollar təşkil edir ki, bunun 75 faizi ARDNF-nin payına düşür", - Fond rəhbəri deyib.
Onun sözlərinə görə, 2003-2012-ci illər (martın 31-dək) ərzində ARDNF-dən ölkə büdcəsinə transfertlərin həcmi 27 milyard manat təşkil edib. Bu il ölkənin dövlət büdcəsinə daxilolmaların ümumi həcmində transfertlərin payı 60,3 faizə çatıb.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Həmin vaxt onun aktivləri 271 milyon dollar təşkil edirdi.