Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Səudiyyə Ərəbistanının "Soroof International" şirkəti arasında cümə günü Bakıda Səudiyyə Ərəbistanı Krallığı ərazisində neft-qaz sektorunda uzunmüddətli layihələrin həyata keçirilməsi və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
Trend-in məlumatına görə, memorandumu ARDNŞ prezidenti Rövnəq Abdullayev və şahzadə Bander bin Abdallah bin Muhəmməd əl-Səud imzalayıblar.
Abdullayev imzalanma mərasimindən sonra bildirib ki, bir ay ərzində müqavilə imzalanacaq. Sonrakı aylarda Səudiyyə Ərəbistanında ARDNŞ-nin 75 faiz iştirak payına malik olduğu birgə müəssisə öz işinə başlayacaq.
Müqavilə ARDNŞ-nin Səudiyyə Ərəbistanında neft-qaz sektorunda işini, o cümlədən Dövlət Neft Şirkətinin böyük təcrübəyə malik olduğu qaz strukturlarında kəşfiyyat, geoloji, geofiziki və digər işlərin aparılmasını nəzərdə tutur.
Əl-Səudun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanı perspektivli qaz strukturlarının kəşfiyyatına və işlənməsinə xarici şirkətlərin cəlb olunmasına istiqamətlənib.