Azərbaycan, Bakı, 17 iyul / Trend, müxbir E.İsmayılov /
Bakının Neftçilər prospektində kommunikasiyaların və asfalt örtüynün dəyişdirilməsi ilə bağlı təmir işlərinin aparılması prospektə yaxın ərazinin qazla təchizatına təsir etməyəcək. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Neftçilər prospekti Bakının iri və mərkəzi prospektlərindən biridir. Prospektdə görülən işlərin gedişində təmir-mühəndis işləri aparılacaq, kommunikasiyalar və asfalt örtüyü dəyişdiriləcək.
Məlumata görə, habelə köhnə qaz xətləri yeniləri ilə əvəz ediləcək ki, bunu əvvəllər prospektdə hərəkətin intensivliyi səbəbindən həyata keçirmək mümkün deyildi.
"Azəriqaz"dan bildirilib ki, qaz kəmərlərinin dəyişdirilməsi prossesi çox vaxt aparmayacaq və prospektə yaxın ərazilərin qaz təchizatında problem olmayacaq.
"Bu, istehlakçıların qazla təchizatında alternativ qaz xətlərindən istifadə olunması sayəsində mümkün olacaq", - İB-dən deyiblər.