...

"Azərikimya" yeni qurğu alır

Energetika Materials 31 İyul 2012 18:44 (UTC +04:00)
"Azərikimya"da hazırda yeni layihələrin həyata keçirilməsi ilə bağlı texniki hazırlıq işləri aparılır. Artıq xaricdən polipropilen qurğusunun alınması və quraşdırılması üçün müvafiq müqavilə bağlanıb.
"Azərikimya" yeni qurğu alır

Azərbaycan, Bakı, 31 iyul /Trend/

"Azərikimya"da hazırda yeni layihələrin həyata keçirilməsi ilə bağlı texniki hazırlıq işləri aparılır. Artıq xaricdən polipropilen qurğusunun alınması və quraşdırılması üçün müvafiq müqavilə bağlanıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, deputat Muxtar Babayev deyib.

"Yeni qurğunun yaxın gələcəkdə istismara verilməsi ilə Azərbaycanda ilk dəfə olaraq çox qiymətli bir məhsul kimi dünyada tələbatın olduqca yüksək olduğu polipropilen istehsal ediləcək. İllik istehsal gücü 200 min ton olacaq texnoloji xəttin sayəsində propilenin xaricə sadəcə xammal kimi, emal olunmadan ixracının, həmçinin respublikamızın polipropilendən hazırlanan müxtəlif məişət əşya və məmulatlarının idxalının qarşısı xeyli alınmış olacaq, onların bilavasitə Azərbaycanda hazırlanması üçün əlverişli imkan və şərait yaradılacaq. Aşağı təzyiqli polietilen istehsalı qurğusunun inşasi ilə əlaqədar isə hazırda məsləhətləşmələr aparılır və yaxın gələcəkdə bu məsələ də yəqin ki, öz müsbət həllini tapacaq", - Babayev deyib.

Onun sözlərinə görə, bu ilin ən perspektivli layihələrindən biri də ölkə başçısının 21 dekabr 2011-ci il tarixli digər bir sərəncamı üzrə Sumqayıtın sənaye zonasında 167,7 hektarlıq bir ərazidə Kimya Sənaye Parkının yaradılması ilə bağlıdır. Bu, mütərəqqi texnologiyalar əsasında yaradılmış nümunəvi bir emal şəhərciyi olacaq.

"Yeni kompleksin inşasında əsas məqsəd sənayenin özəl sektorunun, kiçik və orta biznesin inkişafına, nəticə etibarilə isə müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə nail olmaqdır. Bu, eyni zamanda, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradacaq, qeyri-neft sektorunun davamlı inkişafını təmin edəcək. Magistral və dəmiryol xətlərinin Sumqayıt Kimya Sənaye Parkına yaxın olması, bu sənaye şəhərciyində yerləşəcək emal müəssisələrinin yaxın gələcəkdə müasir standartlara cavab verən texnoloji avadanlıqlarla, "Azərikimya" İB tərəfindən xammal və yarımfabrikat məhsullarla təmin edilməsi, orada kiçik müəssisələrin sahibkarları üçün güzəştli və sərfəli biznes mühitinin yaradılması, nəticə etibarilə onlarla çeşiddə son kimyəvi məhsulun istehsalına bilavasitə Azərbaycanda nail olunması ölkə iqtisadiyyatı üçün yeni və daha böyük perspektivlər vəd edir", - Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti