...

Azərbaycan 2020-ci ilədək alternativ enerji mənbələrinin payını 20 faizə çatdırmaq niyyətindədir

Energetika Materials 27 Sentyabr 2012 13:22 (UTC +04:00)
Azərbaycan 2020-ci ilədək enerji istehsalının ümumi həcmində alternativ və bərpa olunan enerji mənbələrinin payını 20 faizə çatdırmaq niyyətindədir.
Azərbaycan 2020-ci ilədək alternativ enerji mənbələrinin payını 20 faizə çatdırmaq niyyətindədir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan 2020-ci ilədək enerji istehsalının ümumi həcmində alternativ və bərpa olunan enerji mənbələrinin payını 20 faizə çatdırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov Polşanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi "yaşıl texnologiyalar"a həsr olunmuş iqtisadi seminar zamanı bildirib.

"Xüsusən, ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı çərçivəsində hazırda 2020-ci ilədək strategiya hazırlanır", - Məmmədov deyib.

Azərbaycan neft-qaz ölkəsidir və elektrik enerjisi istehsalçısıdır. Ölkədə təqribən 50 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilir və 18 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal olunur.

Məmmədovun sözlərinə görə, bunların hamısı hasilat, yanacaq və qazın yandırılması nəticəsində (elektrik enerjisinin istehsalı zamanı) yaranan tullantıların azaldılması və onlardan yayınmaq məqsədilə yeni texnologiyaların tətbiqini tələb edir.

Onun fikrincə, bu addımların reallaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yeni texnologiyaların tətbiqi ilə mütəmadi yeni ekoloji layihələr reallaşdırır.

"Azərbaycanın neft-qaz maşınqayırması sahəsində böyük təcrübəsi var və ölkədə mövcud olan müəssisələr 50 il əvvəl yaradılıb. Buna görə də, daha müasir texnologiyaların tətbiqinə də ehtiyac var", - nazirlik nümayəndəsi qeyd edib.

O bildirib ki, ölkədə müasir texnologiyaların inkişafına dair fəal işlər aparılır, xüsusən Sumqayıt texnoloji parkı yaradılıb, Balaxanı sənaye parkı və yüksək texnologiylar parkının yaradılması üzrə işlər görülür.

Seminar zamanı Polşanın Azərbaycandakı səfiri Mixal Labenda deyib ki, iki ölkə arasında münasibətlər fəal inkişaf edir və daha da dərinləşməlidir.

"Azərbaycan hazırda intensiv inkişaf dövrünü yaşayır ki, bu da müvafiq olaraq, müasir və "yaşıl texnologiyalar"ın inkişafını tələb edir, - o, bildirib.

Səfirin sözlərinə görə, Polşa bu sahədə Azərbaycanla təcrübəsini paylaşmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti