...

ARDNŞ və Hyuston Meriyası arasında əməkdaşlığın möhkəmləndirilməsi haqqında memorandum imzalanıb

Energetika Materials 22 Dekabr 2012 13:49 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Hyuston Meriyasında bu şəhərdə səfərdə olan ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədovla görüş keçirilib.
ARDNŞ və Hyuston Meriyası arasında əməkdaşlığın möhkəmləndirilməsi haqqında memorandum imzalanıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Amerika Birləşmiş Ştatlarının Hyuston Meriyasında bu şəhərdə səfərdə olan ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədovla görüş keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Meriya rəhbərliyi, senator Rodni Ellis və başqa rəsmi şəxslər iştirak ediblər. Qeyd olunub ki, ABŞ və Azərbaycan, eləcə də qardaşlamış şəhərlər olan Bakı və Hyuston arasında səmərəli qarşılıqlı münasibətlər və xüsusilə sıx əlaqələr yaranıb. ARDNŞ-nin iki ölkə arasında münasibətlərin dərinləşməsi, Texas ştatı və Hyuston şəhəri ilə əməkdaşlığın genişləndirilməsi işinə yüksək töhfələr verməsi vurğulanıb.

ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov Azərbaycan haqqında deyilən xoş sözlərə və Dövlət Neft Şirkətinin fəaliyyətinə verilən yüksək qiymətə görə Hyuston şəhər Meriyasının rəhbərliyinə və senator Rodni Ellisə təşəkkürünü bildirib. O qeyd edib ki, Bakı və Hyuston arasında əlaqələrin tarixi qədimdir. Məlum olduğu kimi, bu iki şəhər 100 ildən artıq bir müddətdə dünya neftçıxarma işinin pionerləri olmuş, neft sənayesində tətbiq edilən bütün tendensiya və yeniliklərin mühüm mərkəzləri kimi çıxış etmişlər. 1976-cı ildə qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında münasibətlər Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonra yeni mərhələyə qədəm qoyub.

"Əlamətdar haldır ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinə dair "Əsrin müqaviləsi"nin hazırlanması üzrə danışıqlar da məhz Hyuston şəhərində keçirilib. Ötən əsrin 90-cı illərində həmin danışıqlar o dövrdə ARDNŞ-nin birinci vitse-prezidenti olan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılıb", - Məmmədov deyib.

Məmmədov xatırladıb ki, 2011-ci ildə ARDNŞ ilə Hyuston Meriyası arasında imzalanmış qarşılıqlı münasibətlər haqqında memorandum mühüm əhəmiyyət kəsb edib. Memorandum çərçivəsində böyük həcmli işlər görülüb, Hyustonda "Azərbaycan Evi" Mədəni Mərkəzi fəaliyyətə başlayıb, Türkdilli Xalqların Festivalı keçirilib. ARDNŞ ilə birlikdə Hyuston-Bakı Qardaşlamış Şəhərlər Assosiasiyasının bu istiqamətdə məqsədyönlü faəliyyəti də qeyd olunub.

Görüşün sonunda ARDNŞ və ABŞ-ın Hyuston Meriyası arasında əməkdaşlığın möhkəmləndirilməsi haqqında memorandumun imzalanma mərasimi keçirilib. Memorandumda tərəflər arasında gələcəkdə də qarşılıqlı faydalı münasibətlərin, səmərəli əməkdaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində irimiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti