...

"Smart-kart" tipli sayğacları necə istismar etməli?

Energetika Materials 8 Yanvar 2013 19:22 (UTC +04:00)
Son dövrlər ölkə ərazisində G-4 markalı "smart-kart" tipli qaz sayğaclarının quraşdırılması geniş vüsət alıb. Bu sayğacların əsas xüsusiyyəti abonentlərin qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir.
"Smart-kart" tipli sayğacları necə istismar etməli?

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Son dövrlər ölkə ərazisində G-4 markalı "smart-kart" tipli qaz sayğaclarının quraşdırılması geniş vüsət alıb. Bu sayğacların əsas xüsusiyyəti abonentlərin qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. "Smart-kart" tipli sayğaclar yalnız müvafiq standartlara cavab verən qaz xətlərinin üzərində quraşdırılır. Yeni tipli sayğacların istismar qaydaları istehlakçılar üçün xüsusi maraq kəsb edir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, sayğaclar mənzillərdə quraşdırıldıqdan sonra abonentlər yerli Qaz İstismarı sahələrinə müraciət edərək ödəmə kartını heç bir ödəniş etmədən ala bilirlər. Ödəmə kartı itirildikdə, zədələndikdə və s. səbəblərdən yararsız olduqda "Azəriqaz" İstehsalat Birliyinin bank hesabına 5 (beş) manat məbləğində vəsait ödəməklə yerli Qaz İstismarı Sahəsindən yeni kart əldə etmək olar. Abonentin balansına yüklənmiş vəsait bitdikdə sayğacın ekranında "bağlanmış klapan" simvolu əks olunur və qaz təchizatı dayanır. Lakin bu halda belə hər bir sayğacda abonentin istifadəsi üçün 10 kubmetr (1 manat məbləğində) qaz miqdarında kredit olur. Həmin kredit bitdikdə abonent mütləq şəkildə kartına pul yatıraraq sayğaca daxil edir, 1 manat məbləğində artıq istifadə edilmiş kredit avtomatik olaraq abonentin hesabından çıxılır və yenidən kredit şəklində sayğaca yüklənir.

Bir faktı da vurğulamaq lazımdır ki, mexaniki sayğac "smart-kart" tipli sayğacla əvəz olunduqda təbii qazdan istifadəyə görə qalıq borcu abonent tərəfindən bank (poçt) vasitəsilə onun müvafiq koduna dərhal ödənilməlidir. Vəsaitin tam ödənişi mümkün olmadıqda, yerli Qaz İstismarı Sahəsi ilə abonent arasında təsdiq edilmiş protokol əsasında qalıq borcun ödənilməsi qaydası haqqında abonentin xüsusi səhifəsində qeyd aparılır. Hər dəfə abonentin karta yüklədiyi pulun miqdarından (borcun məbləğindən və yaranma səbəbindən asılı olaraq) 30-50 faizinin çıxılması onun borcunun azalması və sonda borcun tam ödənişinə qədər avtomatik olaraq təmin edilir.

Ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə edilən cihazların sərfiyyatının sayğacın texniki parametrlərinə uyğun gəlməməsi, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma kimi hallar baş verdikdə sayğac koda düşür, klapanı dərhal qapanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür. Koda düşərək bağlanan sayğacı abonentin hər hansı bir yolla işə salması mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsilə gətirilir. Servis kartı hər bir Qaz İstismar Sahəsinin ərazi xidmətlərindədir.

Ümumiyyətlə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılar (əhali kateqoriyasına aid olan abonent) üçün "Azəriqaz" İstehsalat Birliyinin, hüquqi şəxs olan istehlakçılar üçün isə onların öz vəsaitləri hesabına həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti