Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan qazının Avropaya ixracı üzrə layihələrin həyata keçirilməsi üçün ARDNŞ-yə ixtisaslaşmış kadrlar lazımdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi yay məktəbinin iştirakçıları ilə görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya ixracı neft strategiyasının həyata keçirilməsinin ikinci mərhələsidir: "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi üzrə layihə Azərbaycan qazının Avropaya tədarükü üçün qapılar açacaq".
R.Abdullayev qeyd edib ki, Azərbaycan bu yaxınlarda bir neçə yeni qaz yatağı kəşf edib və böyük imkanlara malik perspektivli strukturlara sahibdir: "Müvafiq olaraq, perspektivdə "Şahdəniz"dən qaz Azərbaycanın digər yataqlarından yanacağın Avropaya tədarükü üçün imkanlar yaradacaq".
Onun sözlərinə görə, neft strategiyasının birinci mərhələsi xarici tərəfdaşların fəal iştirakı və maliyyələşdirilməsi ilə həyata keçirildiyi halda, ikinci mərhələ Azərbaycan tərəfinin başçılığı ilə reallaşdırılacaq: "Bütün bunlar ixtisaslaşmış kadrlar tələb edir".