...

Payızda Neft-qaz emalı və neft-kimya kompleksi layihəsinə həsr olunmuş 2-ci forum keçiriləcək

Energetika Materials 7 İyul 2014 19:27 (UTC +04:00)
5-6 noyabr 2014-cü il tarixlərində ARDNŞ-nin Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə həsr olunmuş 2-ci “NQNK Forumu” təşkil olunacaq.
Payızda Neft-qaz emalı və neft-kimya kompleksi layihəsinə həsr olunmuş 2-ci forum keçiriləcək

Azərbaycan, Bakı, 7 iyul /Trend/

5-6 noyabr 2014-cü il tarixlərində ARDNŞ-nin Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə həsr olunmuş 2-ci "NQNK Forumu" təşkil olunacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Forumun təşkilatçıları "İteka Kaspian", "INBC Konsaltinq" və "Kaspian İvent Orqanayzers" şirkətləridir. İkinci Forum yerli və xarici şirkətlər üçün neft-qaz emalı və neft-kimya sahələrində malik olduqları və NQNK layihəsinin həyata keçirilməsi çərçivəsində istifadə edə biləcəkləri təcrübə, texnologiya və digər resursları, habelə innovativ həll yollarını təqdim etmək üçün unikal fürsətlər yaradacaq.

Hazırda NQNK layihəsi öz inkişafının əhəmiyyətli bir mərhələsinə qədəm qoyub. Belə ki, EPC ("Layihələndirmə-Təchizat-İnşaat") mərhələsində layihənin bilavasitə reallaşdırılması həyata keçiriləcək. İkinci forumun keçirilməsində məqsəd məhz qaz emalı və neft-kimya zavodlarının inşasında birbaşa iştirak edəcək və digər xidmətlər göstərəcək şirkətlər arasında ünsiyyət və əməkdaşlıq qurulması üçün vahid platforma yaratmaqdır. Forumda iştirak üçün EPC və digər işlər üzrə podratçılar, mühəndis şirkətləri, lisenziarlar, qlobal səviyyəli neft və qaz emalı, neft-kimya avadanlıqları istehsalçıları və təchizatçıları, logistika və tikinti şirkətləri, material, həll təchizatçıları, texnoloji məsləhətçilər, maliyyə qurumları, hüquq və maliyyə ekspertləri, ekoloji məsləhətçilər dəvət olunurlar. Onların iştirakı sponsor, məruzəçi, təmsilçi qismində, stend təşkil etməklə, habelə Forumun kataloqunda reklam yerləşdirməklə təmin olunacaq.

İki gün davam edəcək Forumda "İrimiqyaslı neft-qaz emalı və neft-kimya layihələrinin EPC mərhələləri", "Emal üzrə texnoloji nailiyyətlər", "Neft-qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər", "Neft-qaz emalı və neft-kimya layihələrinin maliyyə-iqtisadi və hüquqi xüsusiyyətləri", "NQNK xammalı və məhsulları bazarlarının marketinq və logistika tendensiyaları" və "İrimiqyaslı layihələrdə yerli podratçıları təcrübəsi" mövzularında müzakirələrin aparılması planlaşdırılır.

Rəsmi açılışı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tərəfindən ediləcək tədbirdə şirkətin vitse-prezidentlərinin, beynəlxalq şirkətlərin rəhbərlərinin, eyni zamanda unikal sahə texnologiyalarını, oxşar layihələr üzrə öz təcrübə və biliklərini təqdim edən müvafiq dövlət qurumlarının yüksək səviyyəli təmsilçilərinin iştirakı və məruzələri gözlənilir. Tədbirdə ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, "SOCAR-Türkiyə Enerji" şirkətinin Baş direktoru Kənan Yavuz, ARDNŞ prezidentinin müşaviri Əfqan İsayev, NQNK-nın Baş direktor müavini Emil Alxaslı, Türkiyədəki "Star" neft emalı zavodu layihəsinin icraçı direktoru Robert Stori və digər şəxslər məruzələrlə çıxış edəcəklər.

2-ci "NQNK Forumu" yerli və beynəlxalq səviyyəli şirkətlər üçün Neft-qaz emalı və neft-kimya kompleksi layihəsinin inkişafı barədə ətraflı məlumat almaq, bazarın aparıcı iştirakçılarının təcrübəsi ilə tanış olmaq, layihə üzrə müxtəlif tenderlərdə bilavasitə iştirak edəcək şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün böyük imkanlar yaradacaq.

Forumu haqqında ətraflı məlumatı www.ogpcforum.az saytından əldə etmək olar. Qeyd edək ki, 2012-ci ilin aprelində təşkil edilmiş 1-ci "NQNK Forumu" uğurla keçmiş və müsbət rəylər qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti